“Azərsun Sənaye Parkı”na dəymiş ziyanla bağlı detallar məlum olub. Bu haqda bu gün, 29 aprel tarixində APA-ya istinadən xəbər veririk.
Məlumata əsasən, hadisə nəticəsində 5-6 aylıq yağ ehtiyatı məhv olub. Anbarda yığılan malların həm daxili bazar, həm də xaricə ixracı nəzərdə tutulmuşdur.
Yanğının plastik qablar fabrikindən başladığı məlum olub. Alov daha sonra kərə yağlarının yığıldığı soyuducu anbara keçib.
“Plastik qablar fabriki yeni yaradılmış müəssisə idi və tam gücü ilə işləmirdi. Əsas zərər yağın istehsal edildikdən sonra ilk daxil olduğu əsas anbarla bağlıdır. Təkcə məhsula dəyən ziyan 20-30 milyon manat həcmində ola bilər. Amma dəyən ziyan yalnız məhsulla ölçülmür, orada istehsal avadanlıqlarına da ziyan dəyib. Bundan əlavə, əsas depolama anbarlarından biri sıradan çıxıb. Yəni, alternativ depolama yeri yaradılmalıdır. Bunun özü də böyük xərc tələb edir”, - məlumatda bildirilir.