Sumqayıt şəhərində bir dövlət qurumu digərini məhkəməyə verib. Bu haqda bu gün, 16 aprel Qafqazinfo-ya istinadən xəbər veririk.
20 dekabr 2020-ci ildə 44-cü məhəllədə yerləşən “TERM” İdman Kompleksinin, Sumqayıt Müəllimlər Universitetinin binaları və digər obyektlər kanalizasiya kollektorunun tutulması səbəbindən subasmaya məruz qalıblar. Nəticədə “Azsığorta” zərər çəkənlərə 165 min manat ödəyib.
İndi isə “Azsığorta” “Azərsu” ASC-ni Bakı Kommersiya Məhkəməsinə verib. Şirkət dəyən zərərə görə verilən təzminatın onlar tərəfindən ödənilməsini tələb edib.
“Həmin boru Sumqayıtda formalaşan tullantıların təxminən üçdə ikisini təmizləyici qurğuya daşıyır. Kollektorun istismar müddəti başa çatmış hissəsində qəza baş verib. Nəticədə Sumqayıt şəhərindəki bəzi binalara və obyektlərə su dolmuşdur. Qəzanın aradan qaldırılması üçün layihə hazırlandı və işlər ötən il yekunlaşdı. 1350 metr uzunluğunda, 1000 millimetr diametrli kanalizasiya kollektorları yenidən quruldu. Orada yeni birləşmələr qoyulub və yolun qazılmış hissələri asfaltlanıb”, - “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı bildirib.