Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 2 nömrəli uşaq bağçasının vəziyyəti ilə bağlı şikayət var.
Sumqayit24.az-a bu barədə qəsəbə sakinləri məlumat veriblər.
Onların sözlərinə görə, bağçanın şəraiti qənaətbəxş deyil və bina istifadəyə yararsız vəziyyətdədir.
Sakinlər iddia edirlər ki, yaşı 200-dən çox olan tikilinin tavanının bəzi hissələri qopub, döşəmədəki taxtalar çürüyüb, rütubət səbəbindən divarların suvağı tökülüb.
"Bağçanın akt zalının tavanı çöküb. Əlacsızlıqdan uşaqlar oturduqları yerdə bayram tədbirlərini keçirirlər. Binanın daxilində köhnə qaz peçi var. bu isə olduqca təhlükəlidir. Bundan başqa, sanitar qovşaqların vəziyyəti ürəkaçan deyil,", - deyə sakinlər iddia ediblər.
Vətəndaşların sözlərinə görə, maddi imkanı olan valideynlər uşaqlarını avtomobillə digər bağçalara aparırlar. Lakin bu, hər ailə üçün də əlçatan deyil.
Sakinlər aidiyyəti qurumlardan bağçanın vəziyyətinə baxış keçirilməsini və binanın təmir edilməsini tələb edirlər.
Məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsinə sorğu ünvanlanıb.