Sumqayıt-Pirşağı-Bakı istiqamətində hərəkət edən qatarda səhər saatlarında yaranan vəziyyətlə bağlı şikayət var.
Sumqayit24.az xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşım edilib.
Məlumata görə, bu gün səhər saat 08:10 radələrində qatar "Məmmədli" dəmir yolu stansiyasında dayansa da, platformada gözləyən bəzi sərnişinlər qatara minə bilməyiblər.
Buna səbəb turniketlərin yalnız dəmir yolu kartlarını qəbul etməsi, bank kartları ilə keçidin mümkün olmaması olub.
Şikayətçinin sözlərinə görə, nəticədə bank kartlarından istifadə edən sərnişinlər yaranmış problem səbəbindən geri qayıtmalı olublar.
Hadisənin stansiyada sıxlığa və sərnişinlərin narazılığına səbəb olduğu bildirilir.
Redaksiyamıza "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətindən bildirlidi ki, bank kartları ilə bağlı səhər saatlarında yaranmış problemlər "Azericard" tərəfindən aradan qaldırılıb.