Sumqayıtda “Mədəniyyət beşiyi Şuşa” adlı sərgi nümayiş olunub. Sumqayıt24 bu haqda bu gün, 1 iyun tarixində Regional Mədəniyyət İdarəsinə istinadən xəbər verir.
Sözügedən sərgi Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzinin “Dostluq” mədəniyyət evi tərəfindən Heydər Əliyev Mərkəzində təşkil edilib. Burada, mədəniyyət idarəsinin rəisi Rəşad Əliyev, icra hakimiyyətinin məsul əməkdaşı Fərman Kazımov, “Şəhid analarına dəstək” İB-nin sədri Ceyran Həsənova və şairə Ofeliya Babayeva iştirak ediblər.
Tədbir zamanı mədəniyyət evində fəaliyyət göstərən rəsm dərnəyi üzvlərinin əsərləri və Milli musiqi alətləri ustası Habil Salmanovun əl işləri təqdim olunub. Bədii hissədə İlahə Hüseynovanın rəhbərlik etdiyi xor kollektivi “Azərbaycan sənsən mənim” və Vüqar Cəfərovun rəhbərlik etdiyi “Şahinlər” rəqs qrupunun ifasında “Azərbaycan suitası” səsləndirilib.
Sonda isə N. Nərimanov adına Mədəniyyət Mərkəzi tərəfindən rəsm dərnəyinin rəhbəri Fərqanə Musazadəyə və üzvlərinə Fəxri fərmanlar verilib.