"Sumqayıt" klubunun futbolçuları mükafatdan məhrum edilib.
Məlumata görə, Premyer Liqanın ilk dövrəsində qeydə alınan qeyri-sabit nəticələr rəhbərliyi hərəkətə gətirib. Yeni mövsümə bu cür startı gözləməyən idarəçilər sərt tədbir görməyi lazım biliblər.
Vəziyyəti belə həddə çatdıran məşqçi və futbolçular bir müddət yalnız "quru" maaş almaqla kifayətlənəcək, əlləri bonusa dəyməyəcək.
Premyer Liqanın 11-ci turunda "İmişli" ilə qolsuz heç-heçə Riad Rəfiyevi hiddətləndirib. "Kimyaçılar"ın prezidenti Yevlaxdakı matçın final fitindən sonra paltardəyişmə otağına daxil olaraq, futbolçularla sərt dildə danışıb.
O, komandanın sərgilədiyi futboldan narazılığını kəskin formada ifadə edib, əksər oyunçuların rəqibə barmaqarası yanaşdığını bildirib.
Rəfiyev yaratdıqları şəraitin qarşılığında kollektivdən yaxşı çıxış etməyi gözlədiklərini, ancaq ilk dövrədə qeydə alınan nəticələrdən böyük məyusluq keçirdiklərini söyləyib.
"Gənclik şəhəri" təmsilçisinin birinci şəxsi onların yanaşmasına adekvat reaksiya verəcəklərini diqqətə çatdırıb. Yəni ki, hansısa cəza tədbiri görüləcək.
Mənbə: Sportinfo.аz