Sumqayıt sakininin də həlak olduğu terror hadisəsindən 13 il ötür. Sumqayıt24 bu haqda bu gün, 30 aprel tarixində xəbər verir.
Söhbət 2009-cu il aprelin 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (keçmiş Neft Akademiyası) baş vermiş qan donduran hadisədən gedir. Həmin gün Gürcüstan vətəndaşı Fərda Qədirov universitetin ikinci korpusuna daxil olmuş, binanın hər bir mərtəbəsində qarşısına çıxan şəxslərə “Makarov” tipli tapançadan atəş açmışdır. Daha sonra isə o, intihar etmişdir.
Nəticədə, 1988-ci il təvəllüdlü Sumqayıt sakini Taleh Məmmədov daxil olmaqla 12 nəfər öldürülmüş, 13 nəfər isə yaralanmışdır.
Qeyd edək ki, terror aktını törədən Fərda Qədirovun Gürcüstan vətəndaşı Mardun Qumaşyan adlı erməni ilə mütəmadi əlaqədə olması və erməni xüsusi xidmət orqanlarının sifarişini yerinə yetirdiyi məlum olub. Hətta bunun üçün ona külli miqdarda pul və silah verilmişdi.