Son günlər sosial şəbəkələrdə Sumqayıtda bəzi Mənzil-Kommunal İstismar Sahələrinin (MKİS) ləğv edildiyi barədə xəbərlər yayılıb.
Səbəb kimi MKİS-lərin səlahiyyətlərinin bələdiyyələrin vəzifələri ilə üst-üstə düşməsi göstərilib.
Məsələyə aydınlıq gətirmək üçün Sumqayıt şəhər İcra Hakimiyyətinə sorğu ünvanladıq.
Qurumun mətbuat katibi Eyvaz Qocayev sorğuya cavab olaraq Sumqayit24.az-a bildirib ki, məlumat həqiqətə uyğun deyil:
"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 dekabr 2025-ci il tarixli 408 nömrəli Qərarına uyğun olaraq, mənzil-kommunal təsərrüfatı sahəsində idarəetmənin təkmilləşdirilməsi və xidmətlərin səmərəliliyinin artırılması məqsədilə təşkilati yenidənqurma işləri aparılır:
Bu proses mənzil-kommunal xidmətlərin dayandırılması demək deyil. Hazırda aidiyyəti qurumlar fəaliyyətini davam etdirir. Xidmət göstərilən yaşayış binalarına qulluq, ərazilərin sanitar təmizliyi və digər kommunal xidmətlərin davamlılığı bundan sonra da təmin olunacaq".