"Bu gün milli musiqi alətlərinə maraq yalnız uşaqlar və gənclərlə məhdudlaşmır. Təcrübəm göstərir ki, kamançada ifa etmək istəyənlər arasında orta və yaşlı nəslin nümayəndələri də var. Burada əsas məsələ yaş deyil, insanın musiqiyə həvəsi, marağı və öyrənmək istəyidir".
Bunu Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecinin müəllimi Azər Hacıbalayev deyib.
O bildirib ki, müxtəlif yaşlarda olan tələbələr ilə işləyib:
"45 yaşlı tələbəm olub. O, qısa müddətdə böyük həvəs və səylə çalışaraq nəzərəçarpacaq nəticə əldə etmişdi. Digər tələbəm isə 71 yaşında idi. Fransada yaşayan, əslən Təbrizdən olan Əli müəllim kamança öyrənmək arzusu ilə mənə müraciət etmişdi. Məşğələlər zamanı gördüm ki, düzgün istiqamətləndirmə, həvəs və mütəmadi çalışma sayəsində yaşından asılı olmayaraq müəyyən nəticələr əldə etmək mümkündür".
Müəllimin sözlərinə görə, bu nümunələr musiqi alətini öyrənmək üçün ilk növbədə istək və əzmin vacib olduğunu göstərir. Hər kəsin qavrama sürəti və fərdi imkanları fərqli olsa da, müəllimin düzgün yanaşması və tələbənin davamlı çalışması inkişaf üçün mühüm şərtlərdir.
"Kamançanın tədrisində ilk növbədə alətin düzgün tutulması, ifaçının oturuşu, əllərin və barmaqların mövqeyi, kamanın idarə olunması öyrədilməlidir. Bu ilkin vərdişlər sonrakı mərhələlərdə ifaçılıq texnikasının formalaşmasına birbaşa təsir göstərir. Şagirdin başlanğıcdan yanlış vərdişlər qazanması gələcəkdə onun ifa imkanlarını məhdudlaşdıra bilər.
Növbəti mərhələdə qammalar, etüdlər və müxtəlif texniki çalışmalar vasitəsilə barmaqların çevikliyi, intonasiya dəqiqliyi və kamanın idarə olunması inkişaf etdirilir. Daha sonra xalq mahnıları, rəqslər, muğamlar, rənglər və digər musiqi əsərləri üzərində işlənilir. Hər bir musiqi nümunəsi tələbənin həm texniki bacarıqlarının, həm də musiqi duyumunun inkişafına xidmət edir", - deyə o vurğulayıb.
A.Hacıbalayev milli ifaçılıq ənənələrinin mənimsənilməsinin də xüsusi əhəmiyyət daşıdığını bildirib. Onun sözlərinə görə, Azərbaycan musiqisinin, o cümlədən muğamın özünəməxsus ifadə xüsusiyyətləri var. Kamança ifaçısı musiqinin xarakterinə uyğun səs çalarlarından, vibrasiyadan, frazalanmadan və emosional ifadə vasitələrindən düzgün istifadə etməyi bacarmalıdır. Eyni texniki üsul hər əsərdə eyni cür tətbiq edilmir; ifaçı əsərin məzmununu və üslubunu nəzərə almalıdır.
Mənbə: Azərtac