Aparıcı Fira Cəlilovanın Novxanı qəsəbəsində yerləşən bağ evində gizlədildiyi bildirilən Əlihüseyn Hüseynovla bağlı bəzi təfərrüatlar məlum olub.
Sumqayit24.az-a daxil olan məlumata görə, uzun müddətdir müxtəlif cinayətlərə görə axtarışda olan və əvvəllər məhkum olunmuş Ə.Hüseynov bir müddət əvvəl rayonlardan birindən Bakıya gəlib.
O, aparıcının anasının tanışlarından birinin xahişi ilə həmin evə yerləşdirilib. Ə.Hüseynovun 10 gündən artıqdır ki, orada gizlədildiyi bildirilir.
Hadisə ilə bağlı dünən polis əməkdaşlarına əməliyyat məlumatı daxil olub. Məlumatda həmin şəxsin bağ evində gizləndiyi qeyd edilib. Aparılan araşdırmalarla fakt təsdiqini tapıb və ev sahibinə həmin şəxsin polisə təhvil verilməsi məsləhət görülüb. Lakin ev sahibi məlumatları təkzib edib, evində kənar şəxsin olmadığını bildirib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları əməliyyat məlumatını dəqiqləşdirib və məlum olub ki, Ə.Hüseynov həmin ünvandakı bağ evinin həyətindəki tikilidə gizlənir. Polis əməkdaşlarının keçirdikləri əməliyyatla həmin şəxs gizləndiyi tikilidə saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.