Sumqayıtda 55 nömrəli marşrut avtobusu ilə bağlı şikayətə qurum münasibət bildirib.
Sumqayit24.az-a bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Qeyd olunub ki, marşrut xəttinin fəaliyyəti sərnişin tələbatına uyğun təşkil edilib.
"Avtobusda texniki nasazlıq yarandıqda ehtiyat nəqliyyat vasitəsi ilə əvəzlənir. Daşıyıcıya marşrutun nizamlı fəaliyyətinin təmin edilməsi, hərəkət cədvəlinə riayət olunması, nəqliyyat vasitələrinin saz vəziyyətdə saxlanılması ilə bağlı tapşırıqlar verilib".
Qurum əlavə edib ki, Sumqayıt şəhəri və ətraf əraziləri üzrə marşrut şəbəkəsinin təhlili və yenidən formalaşdırılması aparılır. Optimallaşdırma işləri çərçivəsində marşrutların fəaliyyətinin yaxşılaşdırılması nəzərdə tutulub.
Xatırladaq ki, redaksiyamız noyabrın 25-də Xəzri-2 yaşayış massivinin sakinlərinin 55 nömrəli marşrut avtobusu ilə bağlı şikayətini işıqlandırıb. Sakinlər avtobusların sayının az, mövcud nəqliyyat vasitələrinin isə köhnə olduğunu bildiriblər.
***
Sumqayıtda yarımçıq qalan təmir işləri və avtobus problemi sakinlərin ciddi narazılığına səbəb olub.
Sumqayit24.az-a bu barədə Hacı Zeynalabdin qəsəbəsi, Xəzri-2 yaşayış massivinin sakinləri məlumat veriblər.
Vətəndaşların sözlərinə görə, yeni asfaltlanan Gəray Məmmədov küçəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) təmir işləri aparıb. Lakin iddia olunur ki, işlər başa çatdıqdan sonra yol əvvəlki vəziyyətinə qaytarılmayıb.
Bildirilib ki, hazırda da ərazidə kommunal qəza baş verib. Qeyd olunub ki, aidiyyəti qurumun əraziyə baxış keçirməsinə baxmayaraq, problem tam aradan qaldırılmayıb.
Sakinlərin digər narazılığı avtobus xidmətinin təşkili ilə bağlıdır. Onların iddiasına görə, geniş ərazini əhatə edən yaşayış massivində cəmi iki ədəd 55 nömrəli marşrut avtobusu fəaliyyət göstərir. Bildirilir ki, köhnə avtobuslar tez-tez xarab olur və yolda qalır. Bu isə sakinlərin gediş-gəlişində çətinlik yaradır.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanlanıb.