"Azərbaycan Hava Yolları" QSC (AZAL) marşrut şəbəkəsini genişləndirərək iyun ayından etibarən Bakıdan Şımkentə müntəzəm uçuşlara başlayacaq.
Sumqayit24.az xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.
Bildirilib ki, Qazaxıstanın cənubunda yerləşən bu şəhərə ilk aviareys iyunun 28-də həyata keçiriləcək.
Bakı-Şımkent-Bakı marşrutu üzrə uçuşlar həftədə üç dəfə – Bakıdan Şımkentə bazar ertəsi, çərşənbə və şənbə günləri, əks istiqamətdə isə çərşənbə axşamı, cümə axşamı və bazar günləri yerinə yetiriləcək.
Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, həmçinin AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə etmək olar.