Sumqayıtda aztəminatlı ailələrdən seçilmiş 7-12 yaş arası uşaqlara maddi köməklik göstəriləcək. Sumqayıt24 bu haqda “Bank Respublika”-nın saytına istinadən xəbər verir.
“Bank Respublika”, “SOS Uşaq Kəndləri Azərbaycan” və ABŞ-ın Çikaqo Universiteti uşaqların yenidən internat müəssisələrinə qoyulmasının qarşısını almaq məqsədilə birgə layihə həyata keçirəcək. Layihə çərçivəsində sözügedən bankda uşaqlar üçün xüsusi “Sosial Yığım” əmanət hesabları açılacaq və start kapitalı yatırılacaq.
Daha sonra valideynlər tərəfindən həmin hesaba hər ay əlavə ediləcək məbləğ təşkilatçılar tərəfindən 2 dəfə artırılacaq. Bununla da azyaşlıların hesablarında sosial kapitalın yığılması təmin olunacaq.
Hesabaçma mərhələsində uşaqlar da iştirak edəcək. Bununla da azyaşlılar həmin hesabın onların gələcəyinə hədəfləndiyini biləcəklər. Bundan başqa, bankın əməkdaşları valideynlərlə maarfiləndirici təlimlər təşkil edəcək. Qeyd edək ki, layihə 3 il ərzində Sumqayıt, Bakı və Gəncə şəhərlərində həyata keçiriləcək.
Ətraflı məlumatı bankın rəsmi saytı və sosial şəbəkə səhifələrindən, eləcə də Çağrı Mərkəzi 144 nömrəsinə zəng edərək əldə etmək olar.