Sumqayıt Dövlət Universitetinin (SDU) dosenti, iqtisad üzrə fəlsəfə doktoru Aygün Əliyeva dünyanın Top 500 universiteti sırasında yer alan L.N. Qumilyov adına Avrasiya Milli Universitetinin doktorantlarına elmi məsləhətçi təyin olunub.
Sumqayit24.az xəbər verir ki, əməkdaşlıq çərçivəsində universitetin 2-ci kurs doktorantları Mukuşev Tolegen və Mukuşeva Aliya 2026–2027-ci tədris ilinin oktyabr–noyabr aylarında SDU-da "Dövlət auditi" proqramı üzrə elmi-tədqiqat təcrübəsi keçəcəklər.
Onlar bu müddətdə Aygün Əliyevanın elmi rəhbərliyi və məsləhətçiliyi ilə tədqiqat fəaliyyətini davam etdirəcəklər.
Bu təşəbbüs Sumqayıt Dövlət Universiteti ilə L.N. Qumilyov adına Avrasiya Milli Universiteti arasında imzalanan əməkdaşlıq müqaviləsi əsasında həyata keçirilir. Layihənin məqsədi doktorantların elmi bacarıqlarını inkişaf etdirmək, peşəkar kadr hazırlığının keyfiyyətini artırmaq, həmçinin iki ali təhsil müəssisəsi arasında elmi əməkdaşlıq və akademik mobilliyi daha da genişləndirməkdir.