Sumqayıt Dövlət Universiteti (SDU) ilə Malayziyanın SEGi Universiteti arasında beynəlxalq əlaqələrin genişləndirilməsi, akademik və elmi əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə onlayn görüş keçirilib.
Sumqayit24.az xəbər verir ki, görüş çərçivəsində iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilə akademik və elmi əlaqələrin gücləndirilməsini, birgə tədqiqat və layihələrin həyata keçirilməsini, professor-müəllim heyəti və tələbə mübadiləsinin təşviqini, təcrübə və bilik mübadiləsinin aparılmasını, həmçinin qarşılıqlı maraq doğuran digər istiqamətlər üzrə əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutur.
Onlayn görüşdə SDU-nun rektoru, professor Nurəli Yusifbəyli çıxış edərək universitetin təhsil və elmi-tədqiqat potensialı, beynəlxalq əməkdaşlıq istiqamətləri və qarşıda duran prioritetlər barədə məlumat verib. Rektor SDU-nun beynəlxalq tərəfdaşlıq şəbəkəsinin genişləndirilməsinin universitetin təhsil və elmi fəaliyyətinin inkişafında mühüm əhəmiyyət daşıdığını qeyd edib.
SEGi Universitetinin rektoru professor Dr. Mariani Binti Md Nor çıxışında iki ali təhsil müəssisəsi arasında əməkdaşlığın yaradılmasından məmnunluğunu ifadə edib. O, imzalanan müqavilənin akademik və elmi əlaqələrin inkişafı, təcrübə mübadiləsinin genişləndirilməsi və gələcəkdə birgə layihələrin həyata keçirilməsi üçün yeni imkanlar yaradacağını vurğulayıb.
Görüş zamanı tərəflər qarşılıqlı əməkdaşlığın perspektivlərini müzakirə edib, xüsusilə tələbə və professor-müəllim heyəti mübadiləsi, birgə elmi-tədqiqatların aparılması, akademik təcrübə mübadiləsi və müasir təhsil imkanlarının inkişaf etdirilməsi istiqamətlərində fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, SEGi Universiteti Malayziyanın aparıcı özəl ali təhsil müəssisələrindən biri olmaqla, müxtəlif akademik istiqamətlər üzrə təhsil və elmi-tədqiqat fəaliyyəti həyata keçirir. Universitet QS Dünya Universitetləri Reytinqində 701–710-cu pillələrdə yer alır.