Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbdə bir sinifdə şagird sayının 52-yə çatdığı iddia olunur.
Sumqayit24.az xəbər verir ki, bu barədə valideyn Arifə Mikayılova sosial şəbəkədə paylaşım edib.
Valideynin sözlərinə görə, qızı 38 şagirdin təhsil aldığı 5-ci sinfə keçib. Sonradan digər siniflərdən şagirdlərin həmin sinfə köçürülməsi nəticəsində onların sayı 52-yə çatıb. Bildirilib ki, bu isə sinifdə ciddi sıxlıq yaradaraq uşaqların normal təhsil almasına mane olur.
Arifə Mikayılova, həmçinin sonuncu dəfə sinfə gətirilən 4 şagirdin elektron sistemdə və sinif jurnalında hələ də başqa sinifdə qeyd olunduğunu iddia edib. Valideynlər məktəb rəhbərliyindən yeni paralel sinfin açılmasını istəsələr də, müraciətlərinin nəticəsiz qaldığını bildiriblər.
Məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsinə sorğu ünvanlanıb.