Sumqayıt–Ceyranbatan–Bakı istiqamətində 1 manata sərnişindaşıma həyata keçirən "Hyundai" tipli avtobus və mikroavtobusların xəttdən yığışdırılmasından sonra yaranan nəqliyyat problemi ilə bağlı AYNA-dan açıqlama verilib.
Sakinlərin iddiasına görə, həmin nəqliyyat vasitələrinin xətdən çıxarılmasından sonra xüsusilə səhər saatlarında Ceyranbatandan sərnişinlərin Bakı və Sumqayıt istiqamətində hərəkətində çətinlik yaranıb. Qanuni marşrutların sərnişin tələbatını tam qarşılamadığı bildirilib.
Sumqayit24.az məsələ ilə bağlı AYNA-ya sorğu ünvanlayıb.
Qurumun mətbuat katibi Tural Orucov açıqlamasında bildirib ki, ölkə daxilində sifarişli sərnişindaşıma fəaliyyəti ilə məşğul olmaq üçün buraxılış vəsiqəsi və buraxılış kartı alınmalıdır. İcazə olmadan sərnişindaşıma fəaliyyəti göstərilməsi isə inzibati məsuliyyət yaradır.
Onun sözlərinə görə, icazələr AYNA tərəfindən 7 il müddətinə verilir və bunun üçün ödəniş tələb olunmur. Sifarişli sərnişindaşıma həyata keçirən daşıyıcılar elektron sistemdən istifadə etməklə müvafiq formulyar da doldurmalıdırlar.
Tural Orucov Ceyranbatan qəsəbəsindən keçən müntəzəm marşrutlar barədə də məlumat verib.
Bildirilib ki, Sumqayıtdan Bakı istiqamətinə Ceyranbatan qəsəbəsindən keçməklə 500, 502, 509, 594 və 595 nömrəli avtobuslar fəaliyyət göstərir. Bundan əlavə, Ceyranbatan qəsəbəsini "Abşeron" ticarət mərkəzi ilə əlaqələndirən və "Xocasən" metrostansiyasından keçən 505 nömrəli avtobuslar da sərnişinlərə xidmət göstərir.
AYNA rəsmisinin sözlərinə görə, Hacı Zeynalabdin qəsəbəsi–Bakı Beynəlxalq Avtovağzal Kompleksi istiqamətində hərəkət edən 502 nömrəli marşrut xəttində 6, Sumqayıt şəhəri–"Binə" ticarət mərkəzi marşrutunda isə 10 avtobus fəaliyyət göstərir.
Eyni zamanda, Sumqayıtı "20 Yanvar" metrostansiyası ilə əlaqələndirən 500 nömrəli, Sumqayıt Avtovağzalını Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə əlaqələndirən 595 nömrəli və "20 Yanvar" metrostansiyasına gedən 594 nömrəli ekspres marşrutların aralıq dayanacaqları arasında da Ceyranbatan qəsəbəsi yer alır.
Qeyd olunub ki, bu üç marşrut xətti üzrə ümumilikdə 64 avtobus fəaliyyət göstərir.
AYNA-dan həmçinin bildirilib ki, avtobusların təyin olunmuş dayanacaqlarda saxlamaları təmin olunur.