Azərbaycanın beynəlxalq elm və təhsil sahəsindəki tərəfdaşlıqları genişlənməyə davam edir. Son günlər Çin Xalq Respublikası ilə aparılan danışıqlar və əməkdaşlıqlar nəticəsində birgə elmi-tədqiqatlar, texnologiya transferi və innovasiyaların kommersiyalaşdırılması istiqamətində geniş imkanlar yaranacaq.
Gündəmdə olan məsələni nəzərə alaraq Sumqayit24.az-ın bugünkü müsahibi hazırda Pekin Pedaqoji Universitetində doktorantura təhsili alan, gənc tədqiqatçı Murad Əliyevdir.
Onunla müsahibəni təqdim edirik:
- Zəhmət olmasa, özünüzü qısa təqdim edin- harada doğulmusunuz, təhsil sahəniz və hansı universitetdə oxuyursunuz?
- Murad Əliyev. Sumqayıt şəhərində anadan olmuşam. Bakalavr təhsilimi 2017-2021-ci illərdə Azərbaycan Dillər Universitetinin Təhsil fakültəsinin İngilis dili müəllimliyi ixtisası üzrə almışam. 2021-ci ildə bakalavr təhsilimi bitirdikdən sonra qərara gəldim ki, Çin Xalq Respublikasında magistratura təhsili alım. Beləliklə, Pekin Pedaqoji Universitetinin Təhsil fakültəsində Ali təhsilin idarəedilməsi ixtisası üzrə magistr təhsili almışam. 2023-cü ildə isə həmin universitetə doktorantura təhsili almaq üçün müraciət etdim. Hazırda Pekin Pedaqoji Universitetinin Təhsil fakültəsində Təhsil texnologiyaları ixtisası üzrə doktorantura təhsilimin ikinci ilindəyəm. Eyni zamanda, Çin Təhsil Nazirliyinin nəzdində Pekin Pedaqoji Universitetində fəaliyyət göstərən Bilik Mühəndisliyi elmi-tədqiqat mərkəzində tədqiqatçı kimi çalışıram.
- Niyə məhz Çin universitetini və bu sahəni seçdiniz?
- Çin universitetini seçməyimin əsas səbəblərindən biri bu ölkənin son illərdə xüsusilə də təhsil sahəsində sistemli şəkildə inkişaf etməsi və dünya reytinqlərində yüksəlməsidir. Məsələn, Pekin Pedaqoji Universiteti (Beijing Normal University), təhsil və təlim sahəsində reytinqinə görə dünyanın yeddinci universitetidir və bu sahədə Asiyada lider mövqedədir. Çində aparıcı universitetlər müasir laboratoriyalar, rəqəmsal öyrənmə texnologiyaları və elmi-tədqiqat mərkəzləri ilə təchiz olunub.
Bununla yanaşı, tədris prosesində təcrübə əsaslı öyrənmə, layihə yönümlü fəaliyyətlər və süni intellektlə dəstəklənən öyrədici vasitələrdən geniş istifadə olunur. Universitetlərdə çalışan professor heyəti təkcə Çindən deyil, ABŞ, Böyük Britaniya, Avstraliya və digər ölkələrdən dəvət olunmuş beynəlxalq alimlərdən ibarətdir. Bu da xarici tələbələr üçün həm akademik, həm də qlobal düşüncə tərzi formalaşdıran zəngin mühit yaradır.
Eyni zamanda Çin hökumətinin və universitetlərinin xarici tələbələrə verdiyi dəstək – xüsusilə təqaüd proqramları, hazırlıq kursları və mədəni uyğunlaşma tədbirləri – təhsili daha əlçatan və keyfiyyətli edir. Xüsusilə, təqaüd imkanları baxımından Çin digər ölkələrdən çox fərqlənir. Mən özüm də əksər xarici tələbələr kimi doktorantura təhsilimi almaq üçün Çin Hökuməti Təqaüdü proqramına müraciət etmişdim. Nəticə etibarilə, bu gün ən tanınmış və geniş əhatəli proqramlardan biri Çin Hökuməti Təqaüdünü (Chinese Government Scholarship – CSC) alıram. Bundan əlavə, bəzi şəhər, vilayət və ya bələdiyyələr tərəfindən xüsusi təqaüdlər də verilir.

- Çin universitetinə qəbul prosesi necə keçdi? Hansı sənədlər və tələblər var idi?
- İlk növbədə, təhsil almaq istədiyim sahəyə uyğun proqramları və universitetləri araşdırdım. Çin universitetlərinin əksəriyyəti illik olaraq ingilis dilli doktorantura proqramları təqdim edir və bu proqramlar universitetlərin rəsmi saytlarında və Çin Hökumət Təqaüd Sistemi (CSC Portal) üzərindən elan olunur.
Bir çox hallarda qəbul almaq üçün seçdiyiniz universitetdə elmi rəhbərlə əvvəlcədən əlaqə qurmaq tövsiyə olunur. Bu, həm tədqiqat planınızın uyğunluğunu yoxlamaq, həm də qəbul prosesini sürətləndirmək baxımından vacibdir. Mən də öncədən əlaqə yaradaraq öz tədqiqat planımı təqdim etdim.
Müraciət üçün aşağıdakı sənədləri hazırladım və hər biri ingilis dilində, notarial tərcüməli təsdiqi ilə təqdim etdim:
Bakalavr və magistr diplomlarının surəti, tərcümə və notarial təsdiqi;
Akademik transkriptlər (qiymət cədvəlləri);
Tədqiqat planı (Study plan) – bu sənəd çox vacibdir və doktorantura mövzusunu, məqsədini, tədqiqat suallarını və metodologiyanı aydın izah etməlidir;
İki tövsiyə məktubu – adətən elmi rəhbərlər və ya müəllimlər tərəfindən yazılır;
Çin dilində təhsil almaq üçün Çin dili biliyini təsdiq edən sənəd – beynəlxalq HSK sertifikatı tələb olunur. Amma mənim təhsil proqramım ingilis dilində olduğu üçün IELTS sertifikatı təqdim etmişdim.
Şəxsiyyət vəsiqəsi və ya pasportun surəti;
Tibbi müayinə forması;
Motivasiya məktubu.
Qəbul prosesi iki istiqamətdə aparılır:
Birbaşa universitetə müraciət (onlayn platforma və ya e-poçtla);
Eyni zamanda Çin Hökuməti Təqaüdü (CSC) üçün ayrı sistem vasitəsilə müraciət.
Mən hər iki platformada müvafiq hesab yaradaraq sənədləri yüklədim. Onu da qeyd edim ki, universitetdən qəbul məktubu (Pre-admission Letter) almaq, hökumət təqaüdünü qazanmaq şansını artırır.
Əlavə olaraq, bəzi universitetlər müsahibə mərhələsi də təşkil edir. Müsahibədə elmi motivasiyanız, dil bacarıqlarınız və planlaşdırdığınız araşdırmanın uyğunluğu qiymətləndirilir.
Bütün bu mərhələləri keçdikdən sonra həm universitet tərəfindən qəbul məktubu, həm də Çin hökuməti tərəfindən təqaüd qərarı təqdim olunur. Mənim təqaüdüm bütün xərcləri – təhsil haqqını, yaşayış və tibbi sığortanı, həmçinin aylıq təqaüdü əhatə edir.
- Çin universitetlərində tədris metodu və yanaşmaları Azərbaycanla müqayisədə necədir?
- Çindəki ali təhsil sistemi dövlətin iqtisadi və texnoloji inkişaf prioritetlərinə sıx bağlı şəkildə qurulub. Universitetlər elmi-tədqiqat institutları ilə birgə işləyir, sənaye ilə əməkdaşlıq edir və qlobal reytinqlərdə yüksəlmək üçün strateji planlar həyata keçirir. Bu sistem tələbələrə yalnız nəzəri bilik verməklə kifayətlənmir, onları real problemləri həll etməyə, innovativ yanaşmalar irəli sürməyə təşviq edir. Tədris metodlarında layihə əsaslı öyrənmə, situasiya analizləri (case study), simulyasiya dərsləri və qrup işləri geniş tətbiq olunur. Müəllimlər öz rollarını daha çox yönəldici və dəstək verici şəklində qururlar. Eyni zamanda, tələbələrdən yüksək səviyyədə intizam və məsuliyyət tələb olunur – bu da Çindəki “çox çalış, az danış” prinsipi ilə uyğun gəlir. Bütün bu yanaşmalar tələbələrin tənqidi düşünmə, özünü ifadə etmə, və texnoloji vasitələrdən səmərəli istifadə bacarıqlarını inkişaf etdirir.
Çin təhsil modeli sistemlilik, texnologiyaya inteqrasiya, tələbə yönümlülük və praktik bacarıqların inkişafı baxımından Azərbaycan üçün nümunə ola bilər. Azərbaycan təhsil sistemi isə bu istiqamətdə addımlar atmaqdadır, lakin bu prosesin daha məqsədyönlü, davamlı və genişmiqyaslı şəkildə aparılması zəruridir. Azərbaycanda praktiki biliklərin və tədqiqat bacarıqlarının inkişafı istiqamətində təşəbbüslər mövcuddur, lakin Çin təhsilindəki kimi sistematik yanaşma hələ tam formalaşmayıb. Tədris materiallarının yenilənməsi, yenilikçi texnologiyaların dərs prosesinə tam inteqrasiyası və müəllimlərin müasir pedaqoji yanaşmalara uyğun təlim alması istiqamətində çatışmazlıqlar müşahidə olunur.
- Dil problemi yaşadınızmı?
- Doktorantura proqramım tam ingilis dilində aparılır və müəllimlərin əksəriyyəti ya ingilis dilində dərs deyir, ya da xaricdən dəvət olunmuş professorlardır. Gündəlik həyatda isə Çin dili bilməmək müəyyən çətinliklər yaradır – məsələn, mağazalarda, bankda və ya apteklərdə. Lakin universitetdə xarici tələbələr üçün pulsuz Çin dili dərsləri təşkil olunur və bu, gündəlik həyat üçün yetərlidir.
Foto Sumqayit24
- Çində yaşamaq necədir? Gündəlik həyat, yemək, nəqliyyat və təhlükəsizlik baxımından?
- Çində yaşamaq ümumilikdə çox rahatdır. Əvvəlcə onu qeyd edim ki, Çində rəqəmsallaşma gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Alış-verişdən tutmuş yemək sifarişinə, kommunal xidmətlərdən ictimai nəqliyyata qədər hər şey mobil tətbiqlər vasitəsilə idarə olunur (WeChat, Alipay və s.). Tələbələrə ayrıca tələbə kartı və ya tətbiqlə endirimlər də təqdim olunur.
Nəqliyyat sistemi çox yaxşı inkişaf edib. Böyük şəhərlərdə metro şəbəkələri genişdir və istifadəsi asandır. Demək olar ki, hər istiqamətə metro və ya avtobusla rahat gedə bilərsiniz. Şəhərlərarası səyahət üçün isə sürətli qatarlar (high-speed rail) çox əlverişlidir – məsələn, Pekindən Şanxaya cəmi bir neçə saata çata bilərsiniz. Bu da Çini gəzib tanımaq üçün çox gözəl fürsətdir.
Çin mətbəxi çox zəngindir – müxtəlif bölgələrin özünəməxsus yeməkləri var. Əsasən düyü, əriştə, tərəvəz və müxtəlif souslardan istifadə olunur. Ət məhsulları arasında toyuq, mal əti və dəniz məhsulları üstünlük təşkil edir. Lakin bəzi bölgələrin yeməkləri çox ədviyyatlı və ya qəribə tərkibli ola bilər, bu da ilk vaxtlar azərbaycanlı tələbələr üçün çətin görünür. Buna baxmayaraq, xarici mətbəxlərə aid restoranlar, o cümlədən türk, ərəb və qərb mətbəxinə uyğun iaşə obyektləri geniş yayılıb. Bəzi şəhərlərdə halal restoranlar və müsəlman çinlilərin yaşadığı ərazilərdə tanış yeməklər də tapmaq mümkündür. Əgər yeməklə çətinlik çəkirsinizsə, çox sayda market və onlayn sifariş platformaları sizə istədiyiniz məhsulları tapmaqda kömək edə bilər.
Çin dünyanın ən təhlükəsiz ölkələrindən biri sayılır. Gecə saatlarında belə küçəyə çıxmaq və şəhərdə gəzmək təhlükəsizdir. Şəhərlərdə hər yerdə müşahidə kameraları (CCTV) və aktiv işləyən ictimai asayiş xidməti var. Xüsusilə universitet kampuslarında və tələbə yataqxanalarında giriş-çıxış rejimi ciddi şəkildə nəzarət altındadır.
- Azərbaycanlı tələbələrin sayı çoxdur? Bir-birinizlə əlaqə saxlayırsınız?
- Hazırda Çində təhsil alan azərbaycanlı tələbələrin sayı 500-ə yaxındır. Hər il bu say artmaqda davam edir. Bir-birimizlə daim əlaqədə olmağa çalışırıq. Çox vaxt universitet tədbirlərində, milli bayramlarda – Novruz bayramında, Ramazan bayramında və digər bayramlarda, həmçinin səfirliyimizin təşkil etdiyi müxtəlif görüşlər və tədbirlərdə bir araya gəlirik.
Bundan əlavə, Çin universitetlərində keçirilən mədəniyyət festivalları kimi tədbirlərdə Azərbaycanı təmsil edirik, milli mətbəximizi, musiqimizi və adət-ənənələrimizi təqdim edirik. Bu cür fəaliyyətlər bizim aramızda birlik hissini daha da gücləndirir və digər ölkələrin tələbələri ilə tanışlıq, mədəniyyətimizi tanıtmaq baxımından da çox faydalı olur.
Eyni zamanda, yeni gələn tələbələr üçün müxtəlif qruplar vasitəsilə dəstək göstəririk – sənəd işlərindən tutmuş, gündəlik həyata uyğunlaşmağa qədər kömək etməyə çalışırıq.
- Boş vaxtlarınızda nə ilə məşğul olursunuz? Səyahətə və ya hobbilərinizə vaxt ayırırsınız?
- Boş vaxtlarımda əsasən elmi ədəbiyyat oxumaq, bloq yazmaq və süni intellekt texnologiyaları ilə bağlı yenilikləri izləməklə məşğul oluram. Eyni zamanda, Çinin müxtəlif şəhərlərinə səyahət etməyi, tarixi və mədəni yerlərinə ziyarət etməyi çox sevirəm. Çin çox zəngin mədəniyyətə malik ölkədir və bu, insanın dünyagörüşünü genişləndirir.
Bundan başqa, həftədə bir neçə dəfə çinli dostlarımla, hətta bəzən bizim çinli professorlarımızla stolüstü tennis və badminton oynayıram. Onu qeyd edim ki, çinlilər idmana və sağlam həyat tərzinə xüsusi önəm verir.
- Çində təhsil almağın üstünlükləri və mənfi cəhətləri nələrdir?
- Çində təhsil almağın bir çox üstünlükləri var. Yüksək səviyyəli akademik mühit və tədris imkanları tələbələrə geniş bir perspektiv açır. Çin universitetləri, dünya səviyyəsində tədqiqatlar aparmaq və innovativ layihələrdə iştirak etmək üçün geniş imkanlar təklif edir. Bu da, tələbələrə yalnız nəzəriyyə deyil, həm də praktik təcrübə qazandırır. Geniş təqaüd proqramları ilə də, tələbələr öz təhsil xərclərini qarşılayaraq daha rahat təhsil alırlar. Bu təqaüdlər Çin hökumətinin təqaüd proqramları (CSC), universitet daxili və yerli hökumət təqaüdləri kimi müxtəlif variantlarda mövcuddur. Belə vəziyyət isə beynəlxalq tələbələr üçün daha əlverişli şərtlər yaradır. Həmçinin, Çin universitetlərində təhsil alarkən beynəlxalq tələbələrlə tanışlıq və qlobal şəbəkə qurmaq imkanları da artır. Tələbələr dünyanın müxtəlif yerlərindən gələn insanlarla əlaqə qurur, müxtəlif mədəniyyətlərdən öyrənir və daha geniş bir perspektivə sahib olurlar. Müasir texnologiya və laboratoriyaların istifadəsi isə tələbələrin təhsil və tədqiqat sahəsində daha çox irəliləməsinə şərait yaradır.
Bununla yanaşı, Çində təhsil alarkən bəzi mənfi cəhətlər də ola bilər. İlk növbədə, Çin dili (mandarin) əsas dil kimi istifadə olunur. Çin dili bilikləriniz zəifdirsə, gündəlik həyatda və universitetdə çinlilərlə ünsiyyətdə bəzi çətinliklərlə qarşılaşa bilərsiniz. Məsələn, sadə bir alış-veriş etmək, yol soruşmaq və ya təcili bir vəziyyətdə kömək almaq çətin ola bilər. Həmçinin, xüsusilə kənd və qəsəbələrdə, yerli əhali ilə ünsiyyət qurmaqda çətinliklər yaşana bilər, çünki bəzən yerli əhali ingilis dilini bilmir.
Mədəni fərqliliklərə uyğunlaşmaq da digər bir böyük çətinlikdir. Çində həyat tərzi, sosial davranış qaydaları və ənənələr Azərbaycandakından fərqlidir. Məsələn, Çin cəmiyyətində kollektiv dəyərlər daha çox önə çıxır, fərdi yanaşmalara isə nisbətən daha az önəm verilir. Tələbələr bu fərqli yanaşmaları qəbul etməkdə çətinlik çəkə bilərlər. Sosial davranışlarda, ünsiyyət formalarında və gündəlik həyat tərzindəki bu dəyişikliklərə öyrəşmək zaman ala bilər və bəzən tələbələr bu yeni mühitə uyğunlaşmaqda çətinlik çəkə bilərlər. Bir haşiyə çıxaraq qeyd edim ki, çinli elmi rəhbərlərin sərt və tələbkar yanaşması, bəzi beynəlxalq tələbələr üçün çətinliklər yarada bilər. Xüsusilə, akademik təzyiq və yüksək gözləntilər, psixoloji stressə və təzyiqə səbəb ola bilər. Çin mədəniyyətindəki sərt və formal münasibət, tələbələrin açıq şəkildə suallarını verməsini və fikirlərini ifadə etməsini çətinləşdirə bilər.
Digər çətinlik isə ərzaq və mətbəx fərqləri ilə bağlıdır. Çin mətbəxi Azərbaycan mətbəxindən çox fərqlidir; yeməklər daha çox ədviyyatlı, şirin-turş və qeyri-adi tərkiblərlə hazırlanır. Çin mətbəxində şorba, düyü və tərəvəzlər çox geniş şəkildə istifadə olunur. Ola bilsin ki, yeməklərin hazırlanma üsulları, ümumiyyətlə Azərbaycanlılar üçün alışılmamış ola bilər. İlk dövrlərdə bu mətbəx fərqliliklərinə uyğunlaşmaq çətin ola bilər və tələbələr üçün yeni dadlar narahatlıq yarada bilər.
Fidan İlqar