Saray qəsəbəsində yerləşən 3 nömrəli tam orta məktəbdəki mövcud vəziyyət valideynlər arasında narazılıq yaradıb.
Mediada yayılan iddiaya görə, təxminən iki min şagird üçün nəzərdə tutulan məktəbdə hazırda altı minə yaxın şagird təhsil alır. Dərslərin arzuolunmaz şəkildə təşkili ilə yanaşı, məktəbin ümumi vəziyyəti də qənaətbəxş deyil.
"İki min şagirdin təhsil alması üçün nəzərdə tutulan məktəbə altı min insanı sığışdırıblar. Qızım bəzən axşam saat 7-də evə gəlib çıxır. Müəllimlərə deyəndə ki, uşaq vaxtında gəlsin, cavabları bu olur: "Uşaq çoxdur, sıxlıqdır, başqa cür alınmır", - deyə valideynlərdən biri bildirib.
Sumqayit24.az məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsinə sorğu ünvanlayıb. Qurumdan sorğuya cavab olaraq bildirilib ki, adıçəkilən qəsəbədə əhalinin sıx məskunlaşması ilə əlaqədar bir sıra ümumi təhsil müəssisələrində şagird sıxlığı müşahidə olunur:
"Hazırda qəsəbədə yerləşən 3 nömrəli tam orta ümumtəhsil məktəbində 2067 şagird təhsil alır və tədris prosesi üç növbədə təşkil olunur.
Mövcud çətinliklərin aradan qaldırılması məqsədilə əlavə inventarların sifariş edilməsi, həmçinin məktəbdə daxili təmir işlərinin sürətləndirilməsi ilə bağlı müvafiq tədbirlər müəyyənləşdirilib. Tədris prosesinin fasiləsiz və səmərəli təşkili məqsədilə mövcud standartlar nəzərə alınmaqla müvafiq addımlar atılır.
Qeyd edirik ki, ümumi təhsil müəssisəsində yay aylarında müəyyən təmir işləri aparılıb. Məktəb binasının cari təmir edilməsi ilə bağlı məsələ qeydiyyata götürülüb. Bildiririk ki, ümumi təhsil müəssisələrinin təmiri və tikintisi mövcud ehtiyaclar nəzərə alınmaqla növbəlilik və prioritetlik prinsipi əsasında həyata keçirilir".