"Sumqayıtçay" stansiyası yaşayış massivində antisanitar vəziyyət sakinlərin narazılığına səbəb olub.
Bu barədə Sumqayit24.az-a ərazidə yaşayan sakinlər məlumat veriblər.
Onların sözlərinə görə, məişət tullantıları vaxtında daşınmadığı üçün yaşayış massivində tez-tez antisanitar vəziyyət yaranır.
"Bu ərazidə uzun müddət zibil tullantılarının atılması üçün konteyner olmayıb. Şikayətlərdən sonra əraziyə zibil qutuları yerləşdirildi. Hazırda hər ailədən 3 manat zibil pulu yığılır. Lakin konteynerlər vaxtında boşaldılmır. Günlərlə dolu vəziyyətdə qalır, ətrafa pis qoxu yayılır", - deyə sakin iddia edib.
Şikayətçilər aidiyyəti qurumlardan məişət tullantılarının vaxtında daşınmasını və problemin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsini xahiş edirlər.