Sumqayıt Dövlət Universitetinin (SDU) Sənaye iqtisadiyyatı və idarəetmə fakültəsi universitet-sənaye əməkdaşlığının inkişafı istiqamətində şəhərin aparıcı sənaye müəssisələri ilə görüşlər keçirib.
Sumqayit24.az xəbər verir ki, "sənaye iqtisadiyyatı və idarəetmə: universitet-sənaye əməkdaşlığının yeni mərhələsi – Strateji sənaye dialoqu" təşəbbüsü çərçivəsində keçirilən görüşlərdə fakültənin dekanı Loğman Abdullayev, Biznesin idarə edilməsi kafedrasının müdiri Qalib Hüseynov, professor Şəfa Əliyev və Karyera və Məzunlarla İş Mərkəzinin direktoru Anar Dünyamalıyev iştirak ediblər.
Fakültə nümayəndələri SOCAR-ın "Azərikimya" İstehsalat Birliyinin baş direktoru Elnur Məmmədli tərəfindən qəbul edilib. Həmçinin "SOCAR Polymer" MMC-nin maliyyə direktoru Müşfiq Hacıyev ilə görüşüblər.
Görüşlərdə tələbələrin istehsalat təcrübəsinin təşkili, sənaye mütəxəssislərinin tədris prosesinə cəlb edilməsi, praktiki dərslərin müəssisələrdə keçirilməsi və birgə elmi-tədqiqat layihələrinin hazırlanması məsələləri müzakirə olunub.
Qeyd olunub ki, təşəbbüs tələbələrin praktiki bacarıqlarının artırılmasına, kadr hazırlığının əmək bazarının tələblərinə uyğunlaşdırılmasına və universitet-sənaye tərəfdaşlığının gücləndirilməsinə xidmət edir. Bu istiqamətdə müzakirələrin strateji sənaye dialoqu çərçivəsində davam etdirilməsi nəzərdə tutulur.