Sumqayıt Dövlət Universitetinin (SDU) Energetika və rəqəmsal texnologiyalar fakültəsinin İnformasiya texnologiyaları ixtisası üzrə II kurs tələbələrindən ibarət "Project-ZH" komandası "Replit AI & Dev Hackathon Baku" yarışmasında II yerə layiq görülüb.
Sumqayit24.az xəbər verir ki, bu barədə universitet paylaşım edib.
Bakı şəhərində keçirilən hakatonda universiteti Rəvan Hacızadə, Qasım Qarayev və Rəhman Paşayev təmsil ediblər.
Yarış süni intellekt və proqram təminatı sahəsində perspektivli gəncləri bir araya gətirib.
Ümumilikdə 60 komandanın iştirak etdiyi hakatonda seçilən 10 ən güclü komanda final mərhələsində iki gün ərzində intensiv kodlaşdırma aparıb və hazırladıqları layihələri münsiflər heyətinə təqdim ediblər. Yekun qiymətləndirmənin nəticələrinə əsasən, "Project-ZH" komandası ikinci yeri tutaraq 300 ABŞ dolları dəyərində "Replit" token mükafatı qazanıb.
Tələbələrin təqdim etdiyi "Elvo" adlı layihə eşitmə və nitq məhdudiyyətləri olan şəxslərin ünsiyyət imkanlarının genişləndirilməsinə yönəlmiş süni intellekt həllidir. Sosial əhəmiyyəti və texniki mürəkkəbliyi ilə seçilən layihə münsiflər heyətinin diqqətini cəlb edib.