Abşeronda oğurluqda və anasını qətlə yetirməkdə təqsirləndirilən Allahverən Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Məlumata görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Tariyel Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Allahverən Əhmədov 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, Allahverən Əhmədov Ağcabədi rayonunda oğurluq edib. O, evdən 1 700 manat dəyərində qızıl qolbaq, 2 500 manat dəyərində qızıl boyunbağı və 1 300 manat dəyərində qızıl üzük oğurlayıb.
Daha sonra anası Afət Əhmədovaya atəş açaraq onu qətlə yetirib.
Ona Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 177.2.3-cü (yaşayış sahəsinə, binaya, anbara və ya başqa saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq), 177.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla oğurluq) və 228.1-ci (qanunsuz olaraq silah və döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə və digər əməllər) maddələri ilə ittiham irəli sürülüb.
Mənbə: Apa.az