Bu gün sumqayıtlı şəhidin doğum günüdür.
Məhəmməd-Nadir Rzayev 18 noyabr 1994-cü ildə Sumqayıt şəhərində anadan olub.
2001-2012-ci illərdə Sumqayıt şəhər 17 saylı tam orta məktəbdə təhsil alıb. Məhəmməd-Nadir Rzayev 2012-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında hərbi xidmətdə olub.
O, 2014-cü ildən artıq Xüsusi Təyinatlı Dəstələrin tərkibində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.
Azərbaycan Ordusunun əsgəri olan Məhəmməd-Nadir Rzayev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində iştirak edib. Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Məhəmməd-Nadir Rzayev 15 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub.
Prezident İlham Əliyevin Sərəncamına əsasən, Məhəmməd-Nadir Rzayev ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Qeyd edək ki, Məhəmməd-Nadirin taleyi doğma əmisi Nadirin taleyinə çox bənzəyirdi. O da 17 saylı orta məktəbi bitirdikdən sonra 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı döyüşlərə qatılıb. 1994-cü ildə Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Məhz həmin gün Rzayevlər ailəsində bir oğlan övladı - Məhəmməd-Nadir dünyaya gəlir və böyüdükcə əmisinin intiqamını almaq üçün alışıb yanır.