"Sumqayıt" futbol klubu bu həftə "Sabah"la qarşılaşacaq.
Komandalar 20 noyabr saat 19:00-da Premyer Liqanın 12-ci turu çərçivəsində Sumqayıt şəhərində üz-üzə gələcəklər.
Lakin oyunun keçiriləcəyi stadionla bağlı son günlərədək qeyri-müəyyənlik var idi. Buna səbəb yay aylarından etibarən Mehdi Hüseynzadə adına stadionun ot örtüyündə yaranan problem idi. Qarşılaşmanın məhz bu arenada keçirilməsi örtüyün matçadək bərpa olunmasından asılı idi.
Sumqayit24.az məsələni dəqiqləşdirmək üçün "Sumqayıt" FK-ya sorğu ünvanlayıb. Klubun mətbuat katibi Zaur Xudiyev saytımıza açıqlamasında problemin tam həll olunduğunu və "Sumqayıt" – "Sabah" matçının Mehdi Hüseynzadə adına stadionda keçiriləcəyini bildirib. Onun sözlərinə görə, qarşılaşmanın biletləri də artıq satışa çıxarılıb.
Qeyd edək ki, bu, "Sumqayıt"ın cari mövsümdə Mehdi Hüseynzadə adına stadionda keçirəcəyi ilk oyun olacaq.