Sumqayıtda mikrorayonlardan birində uzun müddətdir davam edən təmir işləri sakinlərin narazılığına səbəb olub.
Bu barədə Sumqayit24.az-a şəhər sakinləri məlumat veriblər.
Onların sözlərinə görə, 18-ci mikrorayon, 29 saylı evin qarşısında su boru xətti tez-tez deşilir və ərazi dəfələrlə qazılır.
"Həyətdə qazılmamış yer qalmayıb.Toz-torpaqdan pəncərələri aça bilmirik. Problemi bildirdikdə isə gəlib yalnız deşilən yerə taxta vurub gedirlər", - deyə sakin iddia edib.
Sakinlər aidiyyəti qurumlardan problemin müvəqqəti deyil, əsaslı şəkildə həll edilməsini və təmir işlərinin qısa zamanda yekunlaşdırılmasını xahiş edirlər.
Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.