"İlkin araşdırmalara görə Sumqayıtda şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir".
Sumqayit24.az-a bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib:
"Sumqayıt şəhər 36 nömrəli tam orta məktəbində qeydə alınan zəhərlənmə hadisəsini dərhal nəzarətə götürərək araşdırmalara başlayıb.
Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində Agentlik tərəfindən müvafiq tədbirlər görülür.
Aparılan ilkin araşdırmaların nəticələrinə görə, hadisəyə məktəbdə şagirdlərdən birinin təhsil müəssisəsinə gətirdiyi, istifadə müddəti bitmiş (vaxtı keçmiş) şirniyyat məhsulu səbəb olub.
Araşdırmalar davam edir. Görülən tədbirlər barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir".
***
Sumqayıt şəhər 36 nömrəli tam orta məktəbdə zəhərlənmə ilə bağlı bəzi detallar məlum olub.
Sumqayit24.az-a bu barədə Abşeron-Xızı Regional Təhsil idarəsindən məlumat verilib.
Bildirilib ki, oktyabrın 2-də məktəbdə dərs prosesi zamanı bir qrup şagird özünü pis hiss edib:
"Məsələ dərhal məktəb rəhbərliyi tərəfindən nəzarətə götürülüb, şagirdlər müvafiq tibb müəssisəsinə yönləndiriliblər. İlkin ehtimallara əsasən şagirdlərdən biri tərəfindən evdən gətirilmiş qənnadı məmulatından sinif yoldaşlarının da istifadə etdiyi müəyyən edilib. Həmin qidadan istifadə etdikdən sonra məktəblilər özlərini pis hiss ediblər. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq qurumlarla birgə araşdırma aparılır".
***
Sumqayıtda 36 nömrəli tam orta məktəbdə şagirdlər arasında kütləvi zəhərlənmə olub.
Sumqayit24.az-a TƏBİB-dən bildirilib ki, bu gün saat 10:20 radələrində 14 nəfər (11 kişi cinsli, 3 qadın cinsli) zəhərlənmə şübhəsi ilə Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.
Bildirilib ki, zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin müalicələri müvafiq şöbədə davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Sumqayit24.az-a bildirilib ki, Sumqayıtda məktəbdə baş verən zəhərlənmə hadisəsi nəzarətdədir.
"Sumqayıt şəhər 36 nömrəli tam orta məktəbdə baş verən zəhərlənmə hadisəsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi tərəfindən araşdırma aparılır.
Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində Agentlik tərəfindən müvafiq tədbirlər görülür. Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir".