Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun rəhbərliyi ilə şəhərdə 2026–2027-ci illərin payız-qış mövsümü ilə əlaqədar görülən işlərə və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib.
Sumqayit24.az xəbər verir ki, müşavirədə payız-qış mövsümü ilə bağlı şəhər təsərrüfatının müxtəlif sahələrində həyata keçirilən tədbirlər, mövcud vəziyyət, kommunal xidmətlərin təşkili və qarşıdakı dövrdə görülməsi zəruri olan işlər ətraflı müzakirə edilib.
Müşavirədə payız-qış mövsümü ilə əlaqədar yaşayış binalarında, təhsil, səhiyyə və digər sosial təyinatlı obyektlərdə istilik sistemlərinin vəziyyətinin daim nəzarətdə saxlanılmasının, mövcud nasazlıqların vaxtında aradan qaldırılmasının və texniki xidmət tədbirlərinin keyfiyyətlə həyata keçirilməsinin vacibliyi vurğulanıb.
Eyni zamanda, "Azəriqaz", "Azərişıq", su təchizatı və digər kommunal xidmət sahələri üzrə aidiyyəti qurumların qarşısında duran vəzifələr diqqətə çatdırılıb, təmir-bərpa işlərinin operativ və keyfiyyətlə yerinə yetirilməsinin zəruriliyi qeyd olunub. Müzakirələr zamanı aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri təmsil etdikləri sahələr üzrə görülmüş işlər, mövcud vəziyyət, qarşıya çıxan məsələlər və onların həlli istiqamətində nəzərdə tutulan tədbirlər barədə məlumat veriblər. Mövsüm ərzində kommunal xidmətlərin fasiləsizliyinin təmin edilməsi, infrastrukturun normal fəaliyyətinin qorunması və mümkün fövqəladə hallara operativ müdaxilə imkanlarının gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.