İndiki halda insanları elmə təşviq etmək üçün birinci növbədə alimlərin maddi durumu nəzərə alınmalıdır. İnanırıq ki, 2027-ci il üçün büdcə layihəsində elm adamlarımızın sosial-iqtisadi rifahı da diqqətdən kənarda qalmayacaq.
Sumqayit24.az xəbər verir ki, bunu Sumqayıtın deputatı Elnarə Akimova Milli Məclisin bugünkü plenar iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
Deputat çıxışında mətbuatın maliyyələşdirilməsi məsələsinə də toxunub:
"Mətbuat təkcə informasiya məkanı deyil, eyni zamanda yüz ildən sonra da hərəkətli olacaq yaddaş fenomenidir. Bilirsiniz ki, 1990-cı illərin əvvəllərində Azərbaycanda ədəbi mətbuat maddi baxımdan tənəzzül dövrünü yaşayırdı və bu mətbu orqanlar bağlanmaq təhlükəsi ilə üz-üzə qalanda ümummilli liderimiz Heydər Əliyev 1997-ci ilin noyabrında "Ədəbiyyat" qəzetinin, "Ulduz", "Azərbaycan" və "Qobustan" jurnallarının dövlət büdcəsindən maliyyələşməsi barədə sərəncam verdi. Həmin orqanlar indi də öz mövcudluğunu məhz 1997-ci ildə müəyyənləşmiş büdcə ilə davam etdirirlər.
Ötən illər ərzində iqtisadiyyatımızın sürətli inkişafı baş verib. Biz həmin mətbuat orqanlarının nəşrini, fəaliyyətini daha yüksək səviyyədə davam etdirməsi məsələsinə həm də Ulu Öndərimizin tövsiyəsi kimi yanaşmalı və büdcədən onlara ayrılan vəsaitin artırılmasına diqqət ayırmalıyıq".
O qeyd edib ki, son illərdə Bakıda yaradılmış modern mədəni təsisatlar şəbəkəsinin arealı respublikanın bütün ərazilərinə yayılarsa, bu, cəmiyyətimizdə yalnız minnətdarlıq və məmnunluq hissi ilə qarşılanar:
"Təkcə paytaxtda deyil, respublikanın digər bölgələrində də yeni texnoloji imkanlara adekvat müasir kitabxanaların, kitab satış mərkəzlərinin, mədəniyyət ocaqlarının yaradılması zəruridir. Çünki xalqın inkişafını həm də onun mədəni-intellektual tələbatının təmin olunması şərtləndirir. Çox arzu edərdim ki, belə modern mədəniyyət mərkəzlərindən biri də Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində təsis olunsun. Təxminən 40 min sakini olan bu yaşayış məntəqəsində belə bir mərkəzin yaradılması həm kütləvi tədbirlərin keçirilməsinə, həm də gənclərin zərərli vərdişlərdən uzaqlaşaraq mədəni mühitə köklənməsinə güclü təkan verər".