Sumqayıtda 16 yaşlı məktəbli parkda tapdıqları mobil telefona görə dostuna ağır xəsarət yetirib.
Məlumata görə, hadisə Sülh küçəsində baş verib.
Belə ki, 2009-cu il təvəllüdlü Azər Məmmədov (soyadı şərtidir – red.) dostu Rəşadla parkda gəzərkən mobil telefon tapıblar. Rəşad telefonu götürərək satmağı və əldə olunan pulu bölüşdürməyi təklif edib. Azər də onun təklifi ilə razılaşıb.
Lakin Rəşad telefonu satdıqdan sonra Azərə pul verməkdən imtina edib. Hadisədən bir neçə gün sonra Azər küçədə gəzərkən təsadüfən Rəşadla qarşılaşıb. O, arxadan dostuna yaxınlaşaraq yerdən götürdüyü iri daşı zərblə onun başına vurub. Rəşad ağır xəsarətlə xəstəxanaya yerləşdirilib.
Polis tərəfindən saxlanılan Azər barəsində cinayət işi açılıb və iş məhkəməyə göndərilib. Məhkəmədə tərəflər barışıblar.
Məhkəmənin hökmü ilə Azər üç il müddətinə azadlıqdan məhrum edilsə də, Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq cəza şərti hesab edilib.
Mənbə: Oxu.az