Bu gün sumqayıtlı şəhidin doğum günüdür.
Zaur Mədətov 1999-cu il noyabrın 16-da Sumqayıt şəhərində anadan olub. 2006-cı ildə Abşeron rayonunun ərazisində müvəqqəti yerləşən Qubadlı rayonunun Xanlıq kənd tam orta məktəbində təhsil alıb. Daha sonra təhsilini Nizami rayonunun 277 nömrəli tam orta məktəbində davam etdirib. İdmanın cüdo növü ilə məşğul olub, yerli və beynəlxalq yarışlarda bir sıra uğurlara imza atıb. Subay idi.
2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olub. Tovuz döyüşlərindən sonra orduya könüllü yazılıb.
Azərbaycan Ordusunun əsgəri olan Zaur Mədətov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Zaur Mədətov oktyabrın 8-də Füzuli döyüşləri zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Prezident İlham Əliyevin Sərəncamlarına əsasən Zaur Mədətov ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.