Bakı–Sumqayıt qatarında sərnişinlərdən artıq pul tutulub. Sumqayıt24 bu haqda 21 may tarixində BakuTV-yə istinadən xəbər verir.
Dünən sürət qatarının Xırdalan stansiyasında turniket işləmədiyindən kartlar oxunmurdu. Sıxlıq olmasın deyə stansiyanın əməkdaşı bildirib ki, kartları Bakıda qatardan düşəndə qeydiyyatdan keçirsinlər. Bu zaman isə sərnişinlərdən 60 qəpik əvəzinə 1 manat gediş haqqı çıxılıb.
"Azərbaycan Dəmir Yolları" QSC-nin rəsmisi Sənubər Nəzərova açıqlama verib:
"Bu gün səhər saatlarında Xırdalan stansiyasında internetin verilməsində yaranmış qısa fasiləyə görə turniketlərin iş fəaliyyətində texniki problem yaşanıb. Giriş və çıxış nöqtələrində kartların oxunmasında fasilələr baş verib. Yaranmış problemə görə sistem giriş kartının oxunmasını təyin edə bilmədiyindən gediş haqqı çıxış zamanı ən uzaq məsafəyə olan tarif üzrə hesablanmalı olub".
40 qəpiyə gəlincə, Nəzərova bildirib ki, əlavə hesablanmış gediş haqları gün ərzində vətəndaşların hesablarına qaytarılacaq.