Bakının və Azərbaycanın digər şəhərlərinin küçələrində gördüyümüz elektrik avtobuslarının bir hissəsi artıq Sumqayıt Sənaye Parkında yığılır.
Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Sənaye Parkının rezidenti "BYD Azerbaijan Energy Automotive Factory" MMC tərəfindən elektrik mühərrikli avtobusların yığımı həyata keçirilir.
Çinin "BYD" şirkəti ilə əməkdaşlıq çərçivəsində reallaşdırılan layihənin investisiya dəyəri 29 milyon manatdan çoxdur.
Müəssisədə 600 nəfərin işlə təmin edilməsi və ildə 250-300 ədəd elektrik avtobusu yığımı nəzərdə tutulur.
İlkin mərhələdə 12 metr uzunluğunda BYD K9UD model elektrik avtobusları yığılır. 82 sərnişin tutumuna malik avtobuslar tam şarjla 350 kilometrədək məsafə qət edə bilir.
Qeyd edək ki, 2025-ci ildə "BakuBus" MMC ilə elektrik avtobuslarının tədarükü üzrə 16,675 milyon manat dəyərində müqavilə də imzalanıb.
Sumqayıtda yığılan elektrik avtobusları artıq Azərbaycanın müxtəlif şəhərlərində istifadə olunur. Belə ki, 2026-cı ilin avqustunda Naxçıvan şəhərində istifadəyə verilən 60 ədəd "BYD" markalı elektrik avtobusu da Sumqayıt Sənaye Parkında yığılıb.
Gələcəkdə onların Sumqayıtda tam şəkildə yığılması və ixracı da planlaşdırılır.