"Azərbaycanda bir çox insanın avtomobilə hələ də investisiya aləti kimi yanaşmasına baxmayaraq, nəqliyyat vasitəsi heç bir halda sərmayə vasitəsi hesab edilə bilməz".
Bunu Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası (AADA) İdarə Heyətinin sədri Eyyub Əliyev bildirib.
Onun sözlərinə görə, bunun ən sadə sübutu avtomobilin alındığı andan etibarən dəyər itirməsidir:
"Məsələn, bu gün hər hansı bir salondan sıfır kilometr yürüşü olan yeni avtomobil alıb ödənişini etsək və hələ salondan çıxarmadan onu yenidən satmaq istəsək, marka və modelindən asılı olaraq dərhal bir neçə min manat ucuzuna təklif etməli oluruq ki, bu da maşına sərmayə kimi yanaşmağın kökündən yanlış olduğunu göstərir.
Son illərdə ölkəyə gətirilən ekoloji təmiz nəqliyyat vasitələrinə tətbiq olunan vergi və gömrük güzəştləri dövründə rəsmi dilerlərlə yanaşı, alverçilər tərəfindən fərdi şəkildə ölkəyə kütləvi avtomobil idxal olundu və xüsusilə Çinin daxili bazarı üçün istehsal edilən ucuz nəqliyyat vasitələrinin daxil olması ikinci əl bazarında qiymətləri 40-45% aşağı saldı.
Lakin cari ilin yanvar ayından etibarən sözügedən güzəştlərin müddətinin başa çatması ikinci əl bazarında yenidən canlanmaya səbəb oldu və qiymətlər 25-35% civarında əvvəlki səviyyəsinə qayıtdı. Belə ki, 2022-2023-cü illərdə 10 min manata təklif edilən avtomobil ötən il 6-7 min manata qədər ucuzlaşmışdısa, bu il artıq yenidən bahalaşaraq 8-9 min manat aralığında satılır".
E. Əliyev qeyd edib ki, təəssüf ki, Azərbaycan avtomobil bazarında qiymət tənzimlənməsində rəsmi dilerlərin heç bir rolu yoxdur:
"Çünki onlar yalnız yeni avtomobillərin satışı, servis xidməti və ehtiyat hissələrinin təminatı ilə məşğul olur, ikinci əl bazarındakı dəyişikliklərdə isə alverçi amili və onların formalaşdırdığı süni qiymət artımları ilə süni endirimlər daha üstün rol oynayır. Elə buna görə də təxminən iki il öncə real bazar dəyəri maksimum 2-3 min manat olmalı olan 1996-2000-ci il buraxılışlı köhnə Alman avtomobilləri bazarda süni şəkildə 10 min manatdan baha satılırdı.
Digər tərəfdən, ölkəmizdə avtomobilə yanaşma tərzində də ciddi imic problemi var. Avropada tək bir şəxs gündəlik işləri üçün kiçik və yığcam avtomobillərə üstünlük verdiyi halda, Bakıda tək bir nəfərin sadəcə status nümayiş etdirmək üçün böyük, yeddi nəfərlik ailə maşını idarə etdiyini görmək olar, bu isə insanların avtomobilə təyinatı və ehtiyacına uyğun deyil, sadəcə xarici görünüş və imic baxımından yanaşdıqlarını sübut edir".
Mənbə: Yenisabah.аz