Satmaq öhdəliyi ilə kirayə mənzil mexanizminə oktyabrın 1-dən yeni qaydalar tətbiq olunub. Dəyişikliklər öhdəliyin başqa şəxsə ötürülməsi, mexanizmdən təkrar istifadə və kredit tarixçəsinə dair tələbləri əhatə edir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Oruc Sumqayit24.az-a yeni qaydaları şərh edib.
Vüqar Oruc bildirib ki, yeni tələblər maliyyə intizamının gücləndirilməsi və müqavilə öhdəliklərinin icrasına nəzarət baxımından əhəmiyyətlidir. Bununla belə, dəyişikliklər vətəndaşların mənzil əldə etmək imkanları ilə uzlaşdırılmalıdır.
Onun sözlərinə görə, öhdəliyin başqa şəxsə ötürülməsi üçün 3 illik müddətin müəyyən edilməsi müqavilə münasibətlərində sabitliyin qorunmasına xidmət edə bilər. Lakin insanların həyat şəraitində gözlənilməz dəyişikliklər baş verə bilər. İş və yaşayış yerinin dəyişməsi, ailə vəziyyəti və gəlirlərin azalması kimi hallar vətəndaşı müqavilə öhdəliyini başqa şəxsə ötürmək zərurəti ilə üz-üzə qoya bilər.
O, belə hallarda obyektiv səbəblərin nəzərə alınmasının və fərdi yanaşma imkanlarının saxlanılmasının məqsədəuyğun olduğunu bildirib.
AQC sədrinin fikrincə, mexanizmdən təkrar yararlanmaq üçün müəyyən edilən 5 illik gözləmə müddəti də vətəndaşların vəziyyəti nəzərə alınmaqla qiymətləndirilməlidir. Onun sözlərinə görə, mənzil ehtiyacı insanın həyatının müxtəlif mərhələlərində yenidən yarana bilər. Buna görə də təkrar müraciətlərə baxılarkən yalnız müddət məhdudiyyəti deyil, əvvəlki müqavilə üzrə ödəniş intizamı və şəxsin hazırkı maliyyə vəziyyəti də nəzərə alınmalıdır.
Vüqar Oruc kredit tarixçəsi ilə bağlı tələblərin sərtləşdirilməsinə də münasibət bildirib. O qeyd edib ki, bu yanaşma anlaşılan olsa da, keçmişdə baş vermiş ödəniş gecikmələri şəxsin hazırkı ödəmə qabiliyyətini tam xarakterizə etmir.
Ekspertin sözlərinə görə, əvvəllər müəyyən gecikmələrə yol vermiş, lakin hazırda sabit gəliri olan və aylıq ödənişləri qarşılamaq imkanına malik şəxslərin müraciətlərinə fərdi qaydada baxılması daha düzgün olardı.
AQC sədri vurğulayıb ki, mənzil probleminin həlli yalnız maliyyələşmə şərtlərinin dəyişdirilməsindən asılı deyil. Bazarda münasib qiymətə mənzillərin sayının artırılması, yeni yaşayış layihələrinin həyata keçirilməsi və ödəniş şərtlərinin əhalinin real gəlirlərinə uyğunlaşdırılması da vacibdir.
Onun sözlərinə görə, satmaq öhdəliyi ilə kirayə mexanizmi ilkin mərhələdə mənzili birdəfəlik almaq və ya ənənəvi ipoteka kreditindən yararlanmaq imkanı məhdud olan vətəndaşlar üçün alternativdir.
"Bu mexanizmin effektivliyi yalnız ödənişlərin vaxtında həyata keçirilməsi ilə deyil, həm də neçə ailənin mənzil sahibi ola bilməsi ilə ölçülməlidir. Maliyyə intizamı qorunmalı, eyni zamanda mənzilə real ehtiyacı olan vətəndaşların imkanları əsassız şəkildə məhdudlaşdırılmamalıdır", – deyə Vüqar Oruc bildirib.
Qeyd edək ki, yeni dəyişikliklər əsasən, öhdəlik başqa şəxsə yalnız müqavilə bağlandıqdan 3 il sonra ötürülə bilər. Öhdəliyini ötürən şəxslər mexanizmdən 5 il sonra yenidən yararlana bilərlər. Bundan başqa, müraciət zamanı Fondun vəsaiti hesabına verilmiş aktiv ipoteka krediti olmayan borcalanlar bu mexanizmdən faydalana biləcəklər. Kredit tarixçəsinin qiymətləndirilməsi nəticəsində yalnız müsbət və qənaətbəxş kredit tarixçəsi olan şəxslərin müraciətləri qəbul ediləcək.