Bakı-Sumqayıt yolunda ("Riyad" TM ərazisində) vətəndaş "Bolt" şirkətinə məxsus taksi sürücüsünün onu hədələdiyini və zorakılığa məruz qoyduğunu iddia edir.
Şikayətçi Elvira Vəliyevanın sözlərinə görə, hadisə dünən saat 23:50 radələrində heyvan sığınacağından qayıdarkən baş verib.
Taksi tapa bilmədiyi üçün çatdırılma xidmətindən istifadə edən qadın sürücüyə özü gedəcəyini əvvəlcədən bildirib. İddia edir ki, sürücü buna etiraz etməyib, lakin sifarişi ləğv etməsini xahiş edib.
O bildirib ki, mənzil başına çatmağa bir az qalmış gedişhaqqı ilə bağlı mübahisə yaranıb. Məlumata görə, tətbiqdə 4 manat göstərilsə də, sürücü 7 manat tələb edib.
E. Vəliyeva əlavə ödənişdən imtina etdikdə sürücünün avtomobilin qapılarını kilidləyərək onu hədələdiyini iddia edir:
"Artıq ödəniş etməyəcəyimi deyəndə qapıları kilidlədi. Dedi ki, "bilirəm sənin başına nə oyun açacam" . Qorxudan pəncərədən çıxmaq istəyəndə sürəti artırıb qəfil tormozladı. Yerə yıxıldım, başımdan və bədənimdən xəsarətlər aldım. Bir insanın canına qəsd etmək bu qədərmi asandır? Əlimdə səs yazıları, sübutlar, xəsarətimlə bağlı tibbi sənədlər var".
Vətəndaş hadisə zamanı içərisində iki orijinal adapter, qulaqlıq, poverbank və qızıl-zinət əşyaları olan çantasının da taksidə qaldığını bildirib.
Sumqayit24.az-a daxil olan məlumata görə, məsələ ilə bağlı ərazi polis orqanında araşdırmalara başlanılıb.