"Novus Plastica" MMC-nin istehsal etdiyi məhsulların 60%-i ixrac olunacaq. Sumqayıt24 bu haqda 25 oktyabr tarixində Trend.az-a istinadən xəbər verir.
Sumqayıt Kimya Sənaye Parkında hasil edilən polimer əlavələrin yerdə qalan 40%-i daxili bazarın bütün ehtiyacını qarşılayacaq. MMC-nin direktoru və həmtəsisçisi Fərid Cəfərovun sözlərinə görə, hazırda potensial alıcılar üçün sınaq məhsulları göndərilib.
Qeyd edək ki, "Novus Plastica" MMC 2020-ci ilin avqust ayından Sumqayıt Kimya Sənaye Parkının rezidentidir. Müəssisənin investisiya dəyəri 11 milyon manatdan çoxdur, sahəsi 3,5 hektardır. Burada iki növdə – polietilen borular üçün qara karbon konsentrat qatqısı və sənaye sahəsində qablaşdırmada istifadə ediləcək polietilen örtüklər istehsal olunur.
İtaliyanın qabaqcıl texnologiyaları vasitəsilə istehsal edilən məhsullar daxili bazarda satılacaq, həbelə Türkiyə, MDB ölkələrinə ixracı da planlaşdırılır. İnvestisiya dəyəri 12,1 milyon manat olan müəssisədə 50 nəfər daimi iş yeri ilə təmin ediləcək.
"Novus Plastica" MMC xammal qismində "SOCAR Polymer" MMC və "Azərkimya" İstehsalat Birliyinin məhsullarından yararlanacaq.