top
5 ildir kart sistemi yoldadır: Sumqayıt avtobuslarında bu yol nə vaxt bitəcək?
Bu gün, 15:55
- ↺ +

5 ildir kart sistemi "yoldadır": Sumqayıt avtobuslarında bu yol nə vaxt bitəcək?

Sumqayıt sakinlərini neçə ildir düşündürən bir məsələ var: Görəsən, bu şəhərdə avtobuslarda nağdsız üsullarla gediş haqqını ödəmək nə vaxtsa mümkün olacaq? Bu gözlənti də əbəs yerə deyil. Bu gün bir çox şəhərlərdə adi hala çevrilən nağdsız ödəniş Sumqayıtda yağlı bir əppək olub, qeybə çəkilib. Amma insafən demək lazımdır ki, 5 il əvvəl avtobuslarda validator quraşdırılıb, sistem işə salınıb, sonra isə qurğulardakı problemə görə ləğv edilib. O vaxtdan yeni validatorlar vəd edildi və problemin bir ay, ay yarıma həll olacağına söz verildi. Amma 5 ildən çox vaxt keçsə də, validatorlardan bir xəbər çıxmadı. Elə o vaxtdan da sumqayıtlılar gözlərini dikiblər məsul qurumların şəxslərinin ağzına ki, nə vaxt şad xəbəri eşidəcəklər. Çünki sərnişin kimi cibində nəğd pul gəzdirmək, səhərlər avtobus sürücüləri ilə xırda üstündə mərəkə qoparmaq adi bir hala, gündəlik rutinə çevrilib.

Rəsmilər isə dəfələrlə yeni tarixlər açıqlayıb, yeni sistemləri vəd ediblər. Sonuncu dəfə 2026-cı ilin yanvar ayı konkret tarix kimi göstərilsə də, aradan keçən 8 ay ərzində bir addımlıq da irəliləyiş müşahidə edilmədi. Deyəsən bu dəfə də "işlər davam edir" tipli açıqlamalarla sumqayıtlıları ovundurmağa çalışacaqlar.

Əslində necə olmalı idi? Qurumlar problemi müəyyənləşdirməli, söz verilən kimi yeni avadanlıq almalı və sistemi yenidən işə salmalı idilər. Dəfələrlə bu səpkidə vəd verilsə də, ötən beş il ərzində heç bir sumqayıtlı şəhərdaxili avtobuslarda kartla ödəniş etməyib. AYNA da bir neçə dəfə Sumqayıtda nağdsız ödəniş sisteminin tətbiqinin prioritet olduğunu açıqladı. Amma 5 il ərzində çox şey dəyişsə də, dəyişməyən isə Sumqayıt avtobuslarında sərnişinin ödəniş üsuludur. 2025-ci ilin oktyabr ayında  "Sumqayıt Nəqliyyat" MMC-nin əməkdaşı Tofiq Saydumov şəhərdaxili avtobusların 2026-cı ilin yanvarından kart sisteminə keçəcəyini bildirdi. Bu dəfə dəqiq tarix göstərilsə də, Sumqayıt avtobusları növbəti dəfə validator sisteminə həsrət qaldı. Oktyabr ayıdır, vəd edilən tarixdən aylar keçib. Kart sistemi isə hələ də yoxdur. Bu yaxınlarda "Sumqayıt Nəqliyyat" MMC bildirdi ki, şəhərdə nəqliyyat infrastrukturu mərhələli şəkildə yenilənir.  Köhnə avtobusları yeniləri əvəz edir, kart sisteminə keçid isə avtobus parkı tam yeniləndikdən və və texniki hazırlıq işləri yekunlaşdırıldıqdan sonra mərkəziləşdirilmiş qaydada tətbiq ediləcək. Yaxşı, ötən il yanvar ayı deyilirdi, bu dəfə isə avtobus parkının tam yenilənməsi şərt kimi qoyulur. Üstəlik parkın nə zaman tam yenilənəcəyi, kart sisteminin nə vaxt tətbiq ediləcəyi ilə bağlı dəqiq tarixlər yoxdur. Artıq qurumlar da konkret tarix verməkdənsə, hansısa mücərrəd və qeyri-müəyyən şərt irəli sürməyi üstün tutublar.

Hələ bu da azmış kimi, AYNA-dan bildirilir ki, Sumqayıtda ictimai nəqliyyatda xidmətlərin təhlükəsizlik və keyfiyyət baxımından yüksək standartlara çatdırılması məqsədilə marşrut xətləri təhlil edilir. Anlayırıq, bunlar vacib proseslərdir. Marşrut şəbəkəsi optimallaşdırılmalı, nəqliyyat planı hazırlanmalıdır. Amma sərnişinin də gündəlik problemi ortadadır. Əgər bu məsələ bu qədər qəlizdirsə, 5 il əvvəl niyə tətbiq etmək mümkün oldu? Axı ötən 5 ildə dünya sürətlə inkişaf edir, yeni texnoloji həllər az qala hər gün təqdim edilir. Məyər bu 5 ildə Sumqayıtdakı avtobuslarda validator sistemini tətbiq etmək bu qədərmi çətindir? Bəyəm paytaxt Bakıda yenilənməmiş avtobus parklarında nağdsız ödəniş sistemi tətbiq edilmir? Edilirsə, niyə bunu Sumqayıta da aid etmək olmaz?

Axı bu problem sərnişinlə yanaşı, sürücüyə də çatır. Sürücü bir tərəfdən gün ərzində müəyyən edilmiş planı ödəməli, digər tərəfdən yanacaq, texniki və digər xərcləri nəzərə almalı, üstəlik hər sərnişinin ödənişini ayrıca hesablamalıdır. Nağd ödəniş isə bu prosesi həm ləngidir, həm də gərginliyi artırır. Sürücülərin özlərinin bildirdiyinə görə, bütün xərclər nəzərə alındıqdan sonra günün sonunda əllərində qalan məbləğ bəzən cəmi 10-15 manat olur. Bu rəqəmlər ayrıca araşdırılmalı məsələdir, amma problemin yalnız sərnişinin cibindəki xırda pulla məhdudlaşmadığını göstərir.

Nağdsız ödənişin əsas üstünlüklərindən biri də məhz burada ortaya çıxır. Sərnişin kartını və ya digər elektron ödəniş vasitəsini təqdim edir, ödəniş saniyələr ərzində həyata keçirilir və sürücünün xırda pul qaytarmaq, iri əskinası dəyişmək kimi əlavə problemləri aradan qalxır. Yəni söhbət sadəcə müasir görünən bir texnologiyadan getmir. Söhbət gündəlik sərnişindaşımanın daha sürətli və şəffaf təşkili üçün artıq geniş istifadə olunan mexanizmdən gedir.

Sumqayıt sakini artıq beş ildir bu "nə vaxt?" sualının cavabını gözləyir. 2021-ci ildə sistem quruldu, 54 gün işlədikdən sonra dayandırıldı. Sonra yeni validatorlar vəd edildi. "Bir ay, ay yarım" deyilirdi. İllər keçdi. Daha sonra yeni tarixlər səsləndi. 2026-cı ilin yanvarı deyildi. Yanvar gəldi, keçdi. İndi isə oktyabrdır.

Beləliklə, məsələ artıq təkcə kart sisteminin tətbiq edilib-edilməməsi deyil. Məsələ beş il ərzində niyə konkret nəticənin ortaya çıxmamasıdır. Bir şəhərin ictimai nəqliyyatında bu qədər uzun müddət davam edən texniki və təşkilati problem nə vaxt yekunlaşacaq?

Sumqayıt "Gənclik şəhəri" kimi tanınır. Amma şəhərin avtobuslarında sərnişin hələ də illər əvvəlki üsulla, yəni cibində nağd pulla yol getməyə məcburdur. Texnologiya dəyişib, avtobuslar dəyişir, marşrutlar yenidən qurulur, nəqliyyat planları hazırlanır. Dəyişməyən isə sərnişinin avtobusa minəndə əlini cibinə atmasıdır.

İndi isə Sumqayıt sakinlərinin gözlədiyi növbəti açıqlama tarixsiz bir vəd yox, konkret tarixdir: kart sistemi nə vaxt işləyəcək?

 

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:40

İtkin düşmüş 9 nəfər tapıldı

İdman
Bu gün, 15:40

Yapon futbolçu üçün "Sumqayıt"ın qapıları bağlandı

Bütün xəbərlər
Bu gün, 14:40

Sumqayıta sabah da leysan yağacaq

Bütün xəbərlər
Bu gün, 13:40

Sumqayıt və Novxanı sahilləri alternativ enerji mənbəyinə çevrilə bilər

Bütün xəbərlər
Bu gün, 12:40

Sumqayıtdan Şuşaya uzanan həyat yolu - ŞƏHİDİMİZİN doğum günüdür

Bütün xəbərlər
Bu gün, 11:40

ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib

Bütün xəbərlər
Bu gün, 10:50

STM-in direktor müavini İŞDƏN ÇIXARILDI

Bütün xəbərlər
Bu gün, 10:10

Sumqayıtda 46 yaşlı kişi tanışını döyüb

Bütün xəbərlər
Bu gün, 09:10

Sumqayıtda zibil qabları pəncərələrin altına qoyuldu - ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 00:20

Gəncənin ilk raket atəşinə tutulmasından altı il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 7-ci günü - Suqovuşan işğaldan azad edilib

Bütün xəbərlər
Dünən, 17:50

Sumqayıt-Quba şəhərlərarası avtobus marşrutunun qalibi açıqlandı

Bütün xəbərlər
Dünən, 17:04

Sumqayıtda müəllimlərə 200 manat birdəfəlik maddi yardım ödənildi

Bütün xəbərlər
Dünən, 16:15

Sumqayıtda hava soyuyur - leysan yağacaq, şimşək çaxacaq

İdman
Dünən, 15:43

"Sumqayıt" Azərbaycan Basketbol Liqasında mübarizəyə başlayır

Bütün xəbərlər
Dünən, 15:05

Sumqayıtda zəhərlənən 21 şagirddən XƏBƏR VAR

Bütün xəbərlər
Dünən, 14:42

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Bütün xəbərlər
Dünən, 14:05

Məktəbdə naməlum şəxs uşaqları konfetlə zəhərləyib? - DİN-dən AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 13:30

Coratlı taksi sürücüsü itkin düşdü

İdman
Dünən, 12:43

Sumqayıtda böyük cüdo bayramı - İki möhtəşəm turnir

Bütün xəbərlər
Dünən, 12:15

Sumqayıtda zəhərlənən şagirdlərin sayı 21-ə çatdı

Bütün xəbərlər
Dünən, 12:11

Sumqayıtda şagirdlər istifadə müddəti bitmiş şirniyyatdan zəhərlənib? - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 12:10

FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi

Oxşar xəbərlər