Vətən müharibəsi şəhidi Nurlan Mustafayevin sabah, 22 iyul tarixində mövlud günüdür. Bu haqda bu gün, 21 iyul tarixində Sumqayıt24 xəbər verir.
Saat 11-də 2-ci Fəxri Xiyabanda Xüsusi Təyinatlı Qüvvələrin şəhid kapitanın məzarı ziyarət olunacaq və anım tədbiri keçiriləcək.
Nurlan Mustafayev 1990-cı ildə Sumqayıt şəhərində anadan olub. 2005-ci ildən 2008-ci ilədək C. Naxçıvanski adına Hərbi Liseydə, 2008-ci ildən isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə təhsil alıb.
2010-cu ildən 2013-cü ildək Almaniya Federativ Respublikasının Hərbi Məktəbində “Motoatıcı” ixtisası üzrə təhsil alıb. O, “Buraxılışın ən yaxşı əcnəbi kursantı” sertifikatına və atıcılıq üzrə qızıl nişana layiq görülüb.
Nurlan Vətən müharibəsinin ilk günündən torpaqlarımızın azad olunması uğrunda döyüşlərə qatılıb. Müxtəlif rayonların və strateji obyektlərin azad olunmasında xüsusi şücaət göstərib və 12 oktyabr tarixində Hadrut uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Nurlan Mustafayev göstərdiyi rəşadət və igidliyə görə "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Qəhrəmanımız ailəli idi, ölümündən sonra oğul övladı dünyaya gəlib.