Saray qəsəbəsində yol və işıq problemi narazılıq yaradıb.
Sumqayit24.az-a bu barədə Gənclik küçəsinin sakinləri məlumat veriblər.
Vətəndaşların sözlərinə görə, küçədə yollar bərbad vəziyyətdədir. Xüsusilə yağışlı havalarda ərazi keçilməz olur. Belə ki, çökəkliklər yağış suyu ilə dolur və ərazi palçıqdan ibarət olur. Bu isə həm piyadaların, həm də avtomobillərin hərəkətində çətinlik yaradır.
Bildirilib ki, sakinlər çarəsizlikdən yolun bəzi hissələrini öz vəsaitləri hesabına düzəltsələr də, ərazinin böyük hissəsinin asfaltlanmasına ehtiyac var.
Bundan əlavə, küçədə işıqlandırmanın olmadığı bildirilib. Sakinlərin sözlərinə görə, ərazidə kanal yerləşir və yolun palçıqlı, küçənin isə işıqsız olması hərəkəti çətinləşdirir. Bu səbəbdən insanlar kanalın kənarı ilə hərəkət etmək məcburiyyətində qalırlar. Sakinlər ehtiyatsızlıqdan kiminsə kanala düşərək xəsarət ala biləcəyindən, hətta daha ağır hadisənin baş verə biləcəyindən narahatdırlar.
Vətəndaşlar aidiyyəti qurumlardan yoldakı problemlərin aradan qaldırılmasını və küçənin işıqlandırılmasını xahiş edirlər.