Sumqayıtda Xəzər bağlarının dəniz istiqamətində yerləşən hissəsində antisanitar vəziyyət yaranıb.
Sumqayit24.az-a daxil olan məlumata görə, ərazi yenidən məişət tullantıları ilə çirkləndirilir.
Sakinlərin iddiasına görə, bəzi şəxslər zibilləri avtomobillərlə əraziyə gətirərək atırlar.
Vətəndaşlardan biri qeyd edib ki, ərazi dəfələrlə təmizlənsə də, problem yenidən təkrarlanır.
Onun sözlərinə görə, tullantılar əsasən axşam və gecə saatlarında əraziyə gətirilir. Bunu müxtəlif avtomobillərin təkər izləri də təsdiqləyir.
Sakin etiraf edib ki, yaxınlıqda yaşayan bəzi şəxslər də məişət tullantılarını həmin əraziyə atırlar. Lakin onun fikrincə, çirklənmənin əsas səbəbi kənardan gələn şəxslərdir.
Vətəndaşların sözlərinə görə, ərazi hər dəfə təmizlənsə də, bu, problemin köklü həlli deyil. Onlar zibil atılmasının qarşısını almaq üçün xəbərdaredici lövhələrin və müşahidə kameralarının quraşdırılmasını təklif edirlər.
Qeyd edək ki, Sumqayit24.az daha əvvəl də Xəzər bağlarında yaranan antisanitar vəziyyətlə bağlı sakinlərin şikayətlərini işıqlandırıb.
Sakinlər əraziyə nəzarətin gücləndirilməsini, tullantıları ətrafa atan şəxslərin cərimələnməsini və məişət tullantılarının vaxtında daşınmasını istəyirlər.