Futbol üzrə Azərbaycanın əsas millisinin heyətinə ilk dəfə dəvət alan "Sumqayıt"ın futbolçusu Nihad Əhmədzadə müsahibə verib.
Gənc futbolçu milliyə dəvət olunmasının onun üçün nə ifadə etdiyini, əsas heyətdəki şanslarını, Lixtenşteynlə qarşıdakı oyunu və gələcək karyera planlarını dəyərləndirib.
– Əsas milli komandaya ilk dəfə dəvət almaq sənin üçün nə ifadə edir? Son oyunlarından sonra bu təklifi gözləyirdin?
– İlk növbədə, əsas milliyə məni dəvət etdiyi üçün Ayxan müəllimə və məşqçilər heyətinə təşəkkürümü bildirirəm. Milli komandaya dəvət almaq mənim üçün böyük qürur və xəyallarımdan biri idi. Buna görə çox xoşbəxtəm.
– Azərbaycan U-21 millisində də çıxış etmisən. Bu dəvətlə məsuliyyətinin daha da artdığını düşünürsənmi?
– Əlbəttə, əsas milli komandada çıxış etmək böyük məsuliyyət deməkdir. U-21 millimizlə də ötən ay tariximizin ən çox xal toplayan komandası olduq. Mən də əlimdən gələni etməyə çalışdım. Tarixi oyunda qol vurduğum üçün də çox xoşbəxt idim. Milli komandada oynamaq mənim üçün böyük şərəfdir.
– Millinin heyətində kifayət qədər təcrübəli futbolçular var. Əsas heyət uğrunda şanslarını necə qiymətləndirirsən?
– İllər əvvəl televiziyadan izlədiyim futbolçularla eyni komandada olacağam. Bu, inanılmaz hissdir. Əsas heyətdə, yoxsa ehtiyat oyunçular sırasında yer alacağımı indidən demək tezdir. Bunu oyunlarda görəcəyik, inşallah.
– Bu dəvətin klub karyerana da müsbət təsir edəcəyini düşünürsən?
– Bəli, inşallah. Ümid edirəm ki, bu dəvət hər mənada karyerama müsbət təsir göstərəcək.
– Millimiz Bakıda Lixtenşteynlə heç-heçə edib. Azarkeşlər cavab oyununda qələbə gözləyirlər. Bu gözləntilər futbolçularda əlavə təzyiq yarada bilər?
– Gözləntilər, təbii ki, böyükdür. Səfərə yalnız qələbə qazanmaq məqsədilə gedəcəyik. İnşallah, xalqımızı sevindirəcəyimizə inanırıq.
– Gələcəkdə ölkə xaricində çıxış etmək fikrin var?
– Düşünürəm ki, bu barədə indidən nəsə demək tezdir. İnşallah, gələcəkdə görərik necə olacaq. Hər şeyin xeyirlisi.
Mənbə: Operativmedia.az