Sumqayıt Dövlət Universiteti (SDU) ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutu arasında elm, təhsil, innovasiya və elmi-tədqiqat sahələrində əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutan Qarşılıqlı Anlaşma Memorandumu imzalanıb.
Sumqayit24.az xəbər verir ki, görüşdə SDU-nun rektoru, professor Nurəli Yusifbəyli əməkdaşlığın birgə elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsi və gənc tədqiqatçıların elmi potensialının inkişaf etdirilməsi baxımından əhəmiyyətini vurğulayıb. O, akademik təcrübə mübadiləsinin genişləndirilməsinin, birgə elmi layihələrin həyata keçirilməsinin və yüksəkixtisaslı kadr hazırlığının keyfiyyətinin artırılmasının əməkdaşlığın əsas prioritet istiqamətlərini təşkil etdiyini qeyd edib.
Coğrafiya İnstitutunun direktoru, dosent Zaur İmrani Memorandumun müasir coğrafi texnologiyaların tətbiqi, elmi təcrübə mübadiləsinin genişləndirilməsi və birgə tədqiqatların inkişafı üçün yeni imkanlar yaradacağını bildirib. O, tərəflərin elmi potensialının əlaqələndirilməsinin, aktual ekoloji problemlərin kompleks araşdırılmasının və əldə olunan elmi nəticələrin praktikada tətbiqinin əhəmiyyətini vurğulayıb.
Memorandum, həmçinin Coğrafi İnformasiya Sistemləri (CİS) və məsafədən zondlama texnologiyalarının tətbiqini, laboratoriya və çöl tədqiqatlarının aparılmasını, tələbə, magistrant və doktorantların elmi-tədqiqat fəaliyyətinə cəlb edilməsini, professor-müəllim heyəti və tədqiqatçılar üçün təlim və ixtisasartırma tədbirlərinin təşkilini, birgə elmi nəşrlərin və qrant layihələrinin hazırlanmasını əhatə edir.