Ceyranbatan qəsəbəsində yerləşən 2 nömrəli tam orta ümumtəhsil məktəbində zəhərlənən 7-ci sinif şagirdləri ilə bağlı məktəbdən münasibət bildirilib.
Sumqayit24.az-a bu barədə Ceyranbatan 2 nömrəli tam orta ümumtəhsil məktəbindən açıqlama verilib.
"Abşeron rayonu Ceyranbatan qəsəbəsində yerləşən 2 nömrəli tam orta ümumtəhsil məktəbində bir neçə şagird dərs prosesi zamanı özünü pis hiss edib. Məsələ məktəb rəhbərliyi tərəfindən dərhal nəzarətə götürülüb və təcili yardım xidmətinə məlumat verilib. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq qurumlarla birgə araşdırma aparılır", - deyə məlumatda qeyd olunub.
***
Ceyranbatan qəsəbəsi 2 nömrəli tam orta məktəbin 10 şagirdinin zəhərlənməsi ilə bağlı qurumlardan açıqlama verilib.
Sumqayit24.az-ın sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, məsələ nəzarətə götürülüb, araşdırılır.
TƏBİB-dən isə bildirilib ki, 29.10.2026-cı il tarixində saat 15:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sumqayıt şəhəri, Ceyranbatan qəsəbə məktəbindən çağırış qeydə alınıb:
"Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib.Təcili tibbi yardım briqadası tərəfindən 8 nəfərə yerində yardım olunub".
***
Ceyranbatan qəsəbəsi 2 nömrəli tam orta məktəbin 10 şagirdi zəhərlənib.
Məlumata görə, şagirdlərin "popkorn"dan zəhərləndiyi ehtimal olunur.
Hazırda məktəb ərazisinə təcili yardım briqadası cəlb edilib.
Mənbə: Report.az