Sumqayıt Dövlət Universitetinin 60 illik yubileyi ilə əlaqədar silsilə görüşlər davam edir. Bu haqda bu gün, 5 iyul tarixində SDU-ya istinadən xəbər veririk.
Yubiley ilə əlaqədar olaraq universitetin bir qrup müəllimi Quba şəhərinə səfər edib. Onlar Quba-Xaçmaz Regional Təhsil İdarəsinin əməkdaşları, Qusar rayon orta məktəblərindən gələn nümayəndələr və SDU-nun məzunları ilə görüşüblər.
Tədbir iştirakçılarına universitetin kadr potensialını hər il öz yetirmələri ilə birgə yenilənməsindən, gənc kadrların, mütəxəssislərin tədris prosesinə cəlb olunmasından danışılıb.
“Sumqayıt Dövlət Universiteti mənim üçün çox doğmadır. Məncə universitet bizə təkcə təhsil vermədi, həm də bizi şəxsiyyət kimi formalaşdırdı. İnanıram ki, hər birimiz öz fəaliyyətimizlə universitetimizin adını yüksəklərə qaldıracağıq” - Quba şəhər “Soyqırımı Memorial Kompleksi”nin direktoru Rəxşəndə Bayramova məzunu olduğu SDU haqqında xatirələrini bölüşərkən bildirib.
Sonda universitetin fəaliyyətindən və qazandığı uğurlardan bəhs edən videoçarx nümayiş olunub.