Sumqayıtda üç yataqxanadan biri təmamilə sökülüb, ikincisində işlər yeni başlanılıb. Sumqayıt24 bu haqda 27 noyabr tarixində ARB Xəbərə istinadən xəbər verir.
Proses hazırda Kimyaçılar massivində və 29-cu məhəllədə davam etdirilir. Sakinlərin bir çoxu evlərini tərk edib, amma hələ də binada yaşayanlar var. Mənzillərini tərk etmək istəməyənlər ödəniş almadıqlarını deyirlər.
Sumqayıt Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, söküntü aparılan binalarda qeydiyyatda olanlar kompensasiyadan yararlana bilərlər. Məsələn 3 nəfərlik ailə 31 min manat alır, 4 və daha çox insandan ibarət ailə isə yeni mənzillərlə təmin edilir:
“Başqasının evində müvəqqəti yaşayanlara isə heç bir halda ödəniş edilmir. Söküntüsünə başlanılan yataqxanalarda rəsmi qeydiyyatda olan 272 ailə ilə razılığa gəlinib. Onlar ərazidən köçürülüblər”.