Sumqayıtın oktyabr ayına olan hava proqnozu açıqlanıb.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, oktyabr ayında havanın ortaaylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir.
Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur.
Oktyabr ayının birinci ongünlüyünün birinci yarısında ölkə ərazisində hava şəraitinin fasilələrlə yağıntılı keçəcəyi, bəzi yerlərdə yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.
Sumqayıt şəhərinin yerləşdiyi Abşeron yarımadasında havanın ortaaylıq temperaturunun 16-19°C isti olacağı ehtimal olunur ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr temperatur 13-18°C, gündüzlər 18-23°C, bəzi günlərdə 25-27°C isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı proqnozlaşdırılır (norma 26-40 mm).