Sumqayıt Tibb Mərkəzi (STM) xidmət sayına görə ilk beşlikdədir.
Sumqayit24.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta məlumat yayıb. Bildirilib ki, 2024-cü il ərzində icbari tibbi sığorta çərçivəsində 5.2 milyondan çox şəxs tibb müəssisələrinə 24.1 milyon dəfə müraciət edib.
Bu o deməkdir ki, ölkə əhalisinin 54%-i icbari tibbi sığortadan yararlanıb. Göstərilən xidmət sayı isə 84.4 milyon olub. Tibbi xidmətlərin 87%-i ambulator, 13 %-i stasionar şəraitdə göstərilib.
Ən çox xidmət göstərmiş tibb müəssisələrinin ilk beşliyi isə belədir: Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyindəki tibb müəssisələri, Sumqayıt Tibb Mərkəzi, Gəncə Şəhər Birləşmiş Xəstəxanası, Sabunçu Tibb Mərkəzi və Ak. M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası.
Ən çox müraciət edilən xəstəliklər sırasında ilk yerdə ümumi tibbi müayinə, endokrin, tənəffüs, qan dövranı və sümük-əzələ sisteminin xəstəlikləri gəlir.
TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində göstərilməsi mümkün olmayan xidmətləri vətəndaşların əldə etməsi üçün onlara Agentliyin müqaviləli tibb müəssisələrinə (özəl və müvafiq dövlət orqanlarının tabeliyində olan tibb müəssisələri) göndəriş verilir. Ötən il vətəndaşlara 331.984 göndəriş verilib. 2024-cü ilin yanvar-noyabr ayları ərzində göndəriş alan vətəndaşlar müqaviləli tibb müəssisələrində icbari tibbi sığorta ilə 188.195 əməliyyat və prosedurdan yararlanıb.
Bu xidmətlərdən 3055-i uşaqlara, 185.140-ı isə böyüklərə göstərilib.
Sözügedən əməliyyat və prosedurlardan:
- 51.670-ni invaziv radiologiya;
- 41.131-ni oftalmoloji;
- 32.974-nü ürək-damar cərrahiyəsi üzrə xidmətlər təşkil edib.