Sumqayıt Avtovağzalına sərnişin düşürmək üçün daxil olan sürücülər 50 qəpik ödəniş tələb olunduğunu iddia edirlər.
Sumqayit24.az-a müraciət edən şikayətçilərin sözlərinə görə, avtovağzalın ərazisinə daxil olan kimi, cəmi 2-3 dəqiqə ərzində sərnişini düşürüb ərazini tərk etsələr də, ödəniş etməli olurlar.
Onlar Bakı Beynəlxalq Avtovağzalında sərnişin düşürmək və ya götürmək üçün ilk 15 dəqiqənin ödənişsiz olduğunu xatırladaraq, Sumqayıtda da eyni qaydanın tətbiq edilməli olduğunu düşünürlər.
Avtovağzalın yaxınlığında yerləşən məlumatlandırma lövhəsində isə parkinq tariflərinin belə olduğu göstərilib:
0–2 saat: 50 qəpik
2–6 saat: 1 manat
6–12 saat: 1 manat 50 qəpik
12–24 saat: 2 manat
Lövhədə qeyd olunub ki, ödəniş çıxışda həyata keçirilir və qiymətlər avtomobil parkinqə daxil olduğu andan hesablanır.
Məsələ ilə bağlı Sumqayıt Avtovağzalına müraciət etdik. Müəssisədən bildirildi ki, avtovağzal özəl təşkilatdır və sərnişinlərin, eləcə də yüklərin götürülməsi və boşaldılması üçün əraziyə daxil olan nəqliyyat vasitələrindən ilk 15 dəqiqə ərzində ödəniş tələb olunmur.
"Qanunvericiliyə uyğun olaraq, ilk 15 dəqiqə ərzində yüklərin və sərnişinlərin götürülməsi, boşaldılması üçün daxil olan nəqliyyat vasitələrindən heç bir ödəniş tələb olunmur. Əgər 15 dəqiqədən artıq dayanma halları olarsa, eyni zamanda əraziyə daxil olan nəqliyyat vasitələrinin hərəkətinə maneə yaranarsa, əvvəlcədən daxil olmuş nəqliyyat vasitələrindən rüsum ödənilməsi tələb olunur", – deyə açıqlamada bildirilib.
Avtovağzaldan əlavə edilib ki, belə hallarla qarşılaşan vətəndaşlar müəssisənin əməkdaşlarına və ya kassalara yaxınlaşaraq iradlarını bildirə bilərlər. Qeyd olunub ki, rəhbərlik tərəfindən həmin şəxslərlə bağlı tədbir görüləcək.