Abşeron rayonunda tikilməsi planlaşdırılan yeni regional sanitar poliqon Sumqayıt şəhərinə və daha dörd inzibati rayona xidmət göstərəcək.
Sumqayit24.az Dünya Bankının məlumatlarına istinadən xəbər verir ki, "Livable Baku" təşəbbüsü çərçivəsində tullantıların idarə edilməsi infrastrukturunun yaradılması nəzərdə tutulur.
Layihəyə Abşeron xidmət zonasında regional sanitar poliqonun və dörd tullantı daşıma stansiyasının, həmçinin Bakının Qala qəsəbəsində tullantı daşıma stansiyası və təkrar xammalın çeşidlənməsi müəssisəsinin tikintisi daxildir.
Yeni infrastruktur Xızı, Şamaxı, Qobustan və Abşeron rayonlarında, eləcə də Sumqayıt şəhərində yaşayan ümumilikdə təxminən 695,5 min nəfərə xidmət göstərmək üçün nəzərdə tutulub.
Layihənin həyata keçirilməsi zamanı torpaqdan istifadə hüquqları və ərazidə təsərrüfat fəaliyyəti ilə bağlı məsələlər də qiymətləndiriləcək. Sənədlərdə tullantıların idarə edilməsi sistemindəki dəyişikliklər səbəbindən gəlir mənbəyini itirə biləcək qeyri-rəsmi tullantı toplayan şəxslərə dəstək tədbirləri nəzərdə tutulur.
Tikinti işlərinə ekoloji və sosial tələblər yerinə yetirildikdən, zəruri hallarda isə köçürülmə planları hazırlandıqdan sonra başlanıla bilər.
Ümumi dəyəri 591,25 milyon ABŞ dolları olan layihəyə Dünya Bankı tərəfindən 500 milyon dollar ayrılması planlaşdırılır. Azərbaycan hökumətinin layihədəki maliyyə payı isə 91,25 milyon dollar təşkil edir.